Xəbər lenti

Ekspert AQTA-nı günahlandırdı:
Ekonomiks 18:05 08.05.2024

Ekspert AQTA-nı günahlandırdı: "Çıxışlarım onların ironiyasına səbəb olurdu"

"Azərbaycanda qida zəhərlənmələri əhalidən illər boyu gizlədilib və bu gün də davam edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Zaqatalada dönərdən baş vermiş zəhərlənmə haqqında danışarkən deyib. 

Sədr bu gün dönərxanalarda problemlərin yaşandığını qiqqətə çatdırıb:

"Mən iki il AQTA-da İctimai Şurada oldum, daima məsələ qaldırdım ki, dönərxanalarda vəziyyət pisdir, onu düzəltmək lazımdır. Bəzən də mənim çıxışlarım AQTA-ın ironiyasına səbəb olurdu. Dönərxanalarda, xüsusən də quş ətindən hazırlanan dönərlərdə problem yaşanır. Problem təkcə ətdə deyil, eləcə də mayonez və onun tərkibində olan qatqılardır. Mayonez açıldıqdan sonra onun saxlama müddəti 5 saatdan artıq deyil. Mayonezlər  dönərxanalara açıq şəraitdə gətirilir, harada və necə hazırlandığını bilən yoxdur. Bundan əlavə dönərxanalar isti bir yerdə, mayonezlər isə bütün günü isti şəraitdə saxlanılır. Eləcə də bu gündən sabaha qalan dönərlərdə də problem yaşanır. Şəraitindən asılı olmayaraq sabaha qalan dönər kiflənəcək".



Eyyub Hüseynovun sözlərinə görə, sabaha qalan dönərlərin yoxlanılması üçün nəzarət sistemi olmalıdır: 

"Ciddi çatışmayan problemlərdən biri qanunlardakı boşluqdur. AQTA-ın səlahiyyəti yoxdur ki, istəlinən yerə cəld müdaxilə edə bilsin. Mütləq AQTA-nın əsasnaməsinə dəyişiklik edilib, cəld reaksiya mexanizmi qurulmalıdır. Bürokratik yoxlama mexanizmi mövcuddur. Belə bir vəziyyətdə əlbəttə ki, zəhərlənmələr çox olacaq. Belə davam edərsə, biz uzunömürlülər siyahısından bir az da  aşağı düşəcəyik". 

Sədr hesab edir ki, Zaqatalada zəhərlənmənin səbəbi də xammaldır:

"Dönərxanalar məhsulları eyni yerdən götürür. Bu güman ki, quş ətidir və orada çirklənmə baş verib. AQTA müəyyən araşdırmalar aparmalıdır. Təəssüflər olsun AQTA günahı istehlakçıların özlərində görəcək. Qida zəhərlənməsinin qeydiyyatı ölkədə düzgün aparılmır. Mükəmməl istehlakçı siyasəti formalaşmalıdır".
 
Qeyd edək ki, mayın 7-də Zaqatala rayonunda 40 nəfərə yaxın adam toyuq dönərindən zəhərlənib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->