Xəbər lenti

Paşinyanla Putinin görüşü Moskva ilə İrəvan arasında
Siyasət 15:47 09.05.2024

Paşinyanla Putinin görüşü Moskva ilə İrəvan arasında "buzları əridəcəkmi"?

"Münasibətləri bu cür görüşlərlə tənzimləmək mümkün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri mayın 8-də Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü şərh edərkən deyib.

"Bir görüş bütün münasibətləri normallaşdırmaq üçün yetərli deyil. Çünki məsələ sadəcə qısa müddətli sərt ritorikalarla pozulacaq münasibətlərlə bağlı deyil. Burada məsələ daha fundamentaldır. Rusiya yenidən Ermənistanın Moskvanın orbitinə qayıtması və vassalı statusunda fəaliyyət göstərməsini istəyir. Paşinyan isə Ermənistanı müstəqil subyekt olaraq görür. Lakin İrəvanın istədiyini imperiya xislətində olan Rusiya verə bilmir. Ermənistan öz təhlükəsizlik sistemini Rusiya ilə qurmaq fikrindən artıq uzaqdır. Ona görə də alternativ təhlükəsizlik sistemləri axtarışındadır", deyə Natiq Miri bildirib.



Ekspertə görə, Paşinyan Putin görüşü baş tutsa da, tərəflərin münasibətlərin normallaşması yolunda razılığa gəldikləri hiss olunmur: 

"Paşinyanın Moskva səfərindən bir neçə gün əvvəl Rusiya onu devirmək üçün rus casusu Baqrat Qalustyan adlı keşiş vasitəsilə Tavuş bölgəsindən İrəvana doğru yürüşə start verib. Paşinyan açıq şəkildə anlayır ki, həmin etirazları Moskva təşkil edib. Əsas hədəf də Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan sərhədlərin müəyyənləşməsi prosesini dayandırmaq və Paşinyanı devirməkdir. Rusiya tərəfindən bu cür münasibətin sərgilənməsi fonunda Paşinyan Kremllə Rusiyanın maraqlarına cavab verən məsələ ilə təbii ki, razılaşmayacaq. Rusiyanın Paşinyanı devirmək üçün atdığı addımlara cavab olaraq İrəvan KTMT-ni maliyyələşdirməkdən imtina etdi. Bu, dolayısı ilə o deməkdir ki, artıq KTMT Ermənistan üçün təhlükəsizlik çətiri sayılmır. Verilən mesaj budur ki, İrəvanın Rusiya tərəfindən sıxışdırılması onun Moskvadan daha da uzaqlaşmasına gətirib çıxaracaq. Ermənistanı Rusiyaya bağlayan yalnız Avrasiya İqtisadi İttifaqıdır. 2023-cü ildə Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollar olub ki, onun da 37 faizi Aİİ-ə üzv ölkələrlədir. Paşinyan yalnız bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. Enerji təhlükəsizliyi məsələsində də İrəvan alternativ olmadığından hələlik Rusiyanı itirmək istəmir. Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra gələcəkdə bu da mümkün ola bilər. Ancaq Ermənistanı yenidən Rusiyanın təhlükəsizlik sisteminə qoşmaq mümkün olmayacaq. Paşinyanla Putin arasında elə də ciddi anlaşmaların əldə edildiyini düşünmürəm".

Qeyd edək ki, mayın 8-də Avrasiya İqtisadi İttifaqın 10 illik yubileyi tədbiri fonunda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə ikitərəfli münasibətlərə, bu münasibətlərdə yaranmış soyuqluğa xüsusi diqqət yetirildiyi bildirilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->