Xəbər lenti

Rusiya ilin əvvəlindən Liviyada hərbi mövcudluğunu artırır (ARAŞDIRMA)
Dünya 16:03 10.05.2024

Rusiya ilin əvvəlindən Liviyada hərbi mövcudluğunu artırır (ARAŞDIRMA)

Son üç ayda Rusiya hərbçilərinin və muzdlularının aktiv şəkildə Liviyaya yerləşdirilməsi müşahidə olunur. Müdafiə Nazirliyinin şəxsi heyəti muzdlular, həmçinin "Vaqner” özəl hərbi şirkətinin Afrika istiqamətinin döyüşçüləri adı altında ora yerləşdirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu”nun və "Sistema” araşdırma layihəsinin iştirakı ilə "All Eyes on Wagner” layihəsi ilə birgə araşdırma aparan "Vyorstka” məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya ordusu əsasən ölkənin şərqində - Kremlin müttəfiqi, Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftarın nəzarətində olan ərazidə cəmləşib. Ölkənin qərb hissəsi və paytaxt Tripoliyə BMT tərəfindən tanınan Milli hökumət nəzarət edir.

 "All Eyes on Wagner” Liviya təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, son iki həftə ərzində ölkəyə azı 1800 Rusiya əsgəri gəlib. Onların bir qismi Nigerə göndərilib, qalanları isə Liviyada qalaraq əlavə göstərişlər gözləyirlər. 

"Vyorstka” hərbçilərə istinadən xəbər verir ki, onlar Liviyada qeyri-rəsmi olaraq özəl hərbi şirkətin nümayəndələri kimi yerləşiblər. Söhbətin hasnı özəl hərbi şirkətdən getdiyi açıqlanmır. 

Martın əvvəlindən bəri Liviyanın şərqində ən azı on yerdə Rusiya hərbi qulluqçuları və Rusiya texnikası aşkar edilib. Rusiya qoşunları həm böyük hərbi bazaların - Cufra, Qardabiya, həm də kiçik hərbi bazaların - Vaddan və Əl-Mərcin yanında yerləşir. 

Rusiya hərbi qulluqçuları yerli hərbi qulluqçulara təlim keçirlər, həmçinin dəqiq döyüş tapşırıqlarını yerinə yetirirlər: məsələn, hərbi texnikanın daşınmasının mühafizəsini təşkil edirlər. Nəşrin Liviyadakı hərbi mənbəyə istinadən verdiyi məlumata görə, "heç vaxt belə hay-küy olmayıb, tektonik sürüşmələr var, (...) böyük qarışıqlıq hazırlanır”.

Bundan əlavə, son bir neçə həftə ərzində Rusiya silahlarının çatdırılması və Suriyadan Liviyaya daşınma halları daha da artıb. Mart ayında "Voyennıy osvedomitel" Telegram kanalı Liviya Milli Ordusunun təlimlərinin bir neçə fotoşəklini dərc edib. Kadrlara Rusiyanın beş "Tiqr” zirehli maşını düşüb. 

Kanalda fotolarla yanaşı təlimlərin videolarını da yerləşdirilib. Kadrlardakı relyefi, binaları və abidələri müqayisə edən jurnalistlər bunun Liviyanın cənub-qərbindəki Cufra aviabazası ilə Vaddan şəhəri arasında çəkildiyini müəyyən ediblər.

2011-ci ildən, Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada vətəndaş müharibəsi və siyasi qeyri-sabitlik hökm sürür.

Ölkədə hakimiyyət BMT-nin dəstəklədiyi Milli Birlik Hökuməti ilə Xəlifə Haftarın idarə etdiyi Liviya Milli Ordusu arasında bölünüb. Ekspertlərin fikrincə, Kreml 2018-ci ildən Haftara dəstək verir.

Rusiyanın Liviyadakı kontingentinə əvvəllər Suriyada olmuş dörd komandir rəhbərlik edir. Onlar da öz növbəsində Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurova hesabat verirlər. Hərbi mənbəyə görə, rusiyalılar çox güman ki, Tripoli daxilində döyüşçülər arasında müharibəyə "stavka” edirlər. Başqa bir mənbəyə görə, Rusiya texnikasının hazırkı tədarükü və hərbi personalın yerləşdirilməsi "Vaqner”in Liviyadakı qüvvələrini əvəz etməli və hərbçiləri Afrika qitəsinin digər ölkələrinə köçürmək imkanı hazırlamalıdır.

Ekspertlərin fikrincə, Liviya Rusiyanın regiondakı bir çox strateji maraqlarına cavab verir. O, Aralıq dənizinə mühüm çıxış imkanı verir, NATO və Aİ-yə təzyiq göstərmək üçün cənub cinahı rolunu oynayır və digər əsas ərəb ölkələri ilə dialoqu gücləndirir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->