Orxan Saffari
Sənət 15:00 14.03.2022

"... böyük Nitsşe kiçik insanların əxlaqını pozur"

Orxan Saffari

Sizcə, insan doğulduğu andan ona əxlaq, vicdan yüklənirmi? Bu anlayış adama ruhani olaraq ötürülmü? Bir insan sonadək əxlaqsız, vicdansız yaşaya bilərmi? 

Nitsşeyə görə insanın əsl mahiyyətini eqoistlik təşkil edir. Əxlaq anlayışı isə bu eqoistliyi pozur. Nitsşenin fövqəlbəşər insan anlayışı da əxlaq kodeksini aşa bilən insandır. Bəs, bu mümkündürmü?

Mənə görə sadəcə anlıq, bir dövrdən sonra mümkün olduğu məqamlar, fərdlər, anlayışlar var. Amma tam olaraq mümkün deyil. Məsələn, Faşizm bunun əsl sübutudur. Əxlaq anlayışının tamamilə yoxa çıxması, insanın eqoist mahiyyəti, hakimiyyətə can atması, sonda da ortaya çıxan fəsadlar. Heç kim anadan faşist doğulmur, heç Hitler də. 

Mənə görə insan fitrətində hər şey var. O cümlədən də əxlaq. Nitsşeyə görə əxlaq sonradan ötürülmə bir anlayışdır və onu dəyişmək, itirmək olur. Amma bu, belə deyil. Bu məsələdə böyük Nitsşe kiçik insanların əxlaqını pozur. 

Vicdan, əxlaq elə bir anlayışdır ki, bunlara heç cür tam izah verə bilməzsən. Bu, həm sənin daxili səsin, həm genetikan, həm də tanrısallığındır. Kanta görə də vicdan səbəbi bilinməyən bir şeydir. Ona görə də heç vaxt bütünlükdə əxlaqsız, vicdansız yaşamaq mümkün deyil. Sadəcə, bu məsələlər insandan insana, coğrafiyadan coğrafiyaya dəyişir. İnsanlar əxlaq anlayışlarını özləri müəyyən edib adət halına, yaşama çevririrlər. Bəzi cəmiyyətlərdə cəzasını da, səfasını da özləri verir.

Təbii ki, bu fikirlər Nitşenin böyüklüyündən, fəlsəfəsindən heç nə azaltmır. Sadəcə, dediyim kimi, bu, insandan insana, coğrafiyadan coğrafiyaya dəyişir.

Nitsşe onsuz da dünyada gəlib keçmiş ən böyük filosoflardandır. Fəlsəfəsi ilə tarixə əsrlərin unudulmazını yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaq. Bu, "Tanrı öldü, onu siz öldürdünüz"-ə bənzəməz. Nitsşhe heç vaxt ölməz..

Nitsşe ölər, fəlsəfəsi yaşayar, yaşadar. Hazırda da cəmiyyətdə baş verən bir çox hadisələr- müharibələrdən tutmuş adi hadisələrə qədər Nitşenin əxlaq anlayışını gündəmə gətirir.

Bir filosof bu qədərmi böyük olar? 

Təsəvvür edin, yazıları, fikirləri demək olar ki, anarxizmə qarşı idi, amma eyni zamanda anarxistlər onu sevir və təsirlənirdilər. Çünki Nitsşe, ilk növbədə dövlətə nifrət edirdi. Sonra da başqa səbəblər. 
 
Ondan təsirlənən anarxist və post-anarxist filosof yazarlar da az deyil; 

-Emma Qoldman, Alber Kamyu, Rudolf Roker və.s

O cümlədən faşizm məsələsi. Məncə, kulminasiya da elə buradır. Yəqin, Adolf Hitlerin Elizabet Nitsşeyə (bacısı) gül buketi təqdim edib, üzərinə "Böyük döyüşçüyə" yazması məsələsini bilirsiniz. Bəs, necə ola bilərdi ki, faşizm Nitsşhedən qaynaqlansın? 

Bəli, "üstinsan"lıq. Təbii ki, Nitsşhe bunu ən üstün irq kimi deməmişdi, amma faşistlər bu cür qəbul etmişdi.