Dünya 12:43 13.03.2024

12 illik fasilədən sonra reallaşan səfər: Bölgəni hansı dəyişiliklər gözləyir? (ŞƏRH)

"Ərdoğanın səfəri çərçivəsində əsas mövzu təhlükəsizlik və terrora qarşı birgə mübarizə olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 ilik fasilədən sonra İraqa olacaq səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, İraq və Türkiyə qonşu, ortaq tarixə malik ölkələrdir:

"Hazırda iki ölkə arasında həllini gözləyən problemlər mövcuddur. İraqda PKK düşərgələrinin olması səbəbiylə Türkiyə ordusu bu ölkə ərazisində əməliyyatlar keçirir, hətta bununla bağlı iki ölkə münasibətlərində müəyyən dövrlərdə problemlər yaranıb. Ancaq hazırda da əməliyyatlar davam edir. Ərdoğanın səfəri zamanı əsas mövzulardan biri təhlükəsizlik və terrora qarşı birgə mübarizə olacaq. İkinci mühüm məsələ Türkiyənin planladığı yeni nəqliyyat dəhlizindən gedir. Söhbət Bəsrə-Türkiyə nəqliyyat qovşağından gedir. Bu nəqliyyat dəhlizi Fars körfəzindən yüklərin İraq ərazisindən keçməklə Türkiyəyə və oradan da Aralıq dənizi vasitəsilə Avropaya daşınmasını təmin edəcək. Bu dəhliz Süveyş və İMEC nəqliyyat dəhlizinə alternativ olacaq".
 


Həmsöhbətimiz düşünür ki, səfər zamanı bəzi məsələlərdə razılıq əldə ediləcək:

"Güman edirəm ki, səfər zamanı nəqliyyat dəhlizi ilə ilə bağlı irəliləyiş əldə olunacaq. Daha bir mövzu Fələstin münaqişəsi olacaq".

Kənan Rövşənoğlu hesab edir ki, İraqın bərpası, şirin su ehtiyatlarının ədalətli bölgüsü ilə bağlı məsələlər də danışıqlar mövzusu olacaq:

"Yəni müzakirə olunacaq çoxlu sayda mövzu və layihələr var". 

Qeyd edək ki, Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız İraq tərəfi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edib. "Sabah İraq Xarici  İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcəyik, ikitərəfli əlaqələri müzakirə edəcəyik.  Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik", - deyə o bildirib. 

Diplomat qeyd edib ki, söhbət Ərdoğanın "İraqa səfəri bu il aprel ayının sonuna qədər reallaşacaq.

Rüfət Sultan