Ölkə 13:51 02.12.2023

2023-cü ildə onlar yola salındı... - Bəzilərinin yeri boş qalıb (SİYAHI)

2023-cü ilin bitməsinə saylı günlər qalıb. Qaynarinfo bu il ərzində Azərbaycanda yeni təyin olunan və işdən çıxarılan icra hakimiyyəti başçıları barədə məlumat hazırlayıb. 

Quba Rayon İcra Hakimiyyəti - Prezidentin 2 dekabr 2017-ci il tarixli sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Ziyəddin İsmayıl oğlu Əliyev 14 iyun 2023-cü ildə vəzifəsindən azad edildi. 7 ilə yaxın icra başçısı olduğu dönəmdə hansısa bir ciddi fəaliyyətilə yadda qalmayan Ziyəddin Əliyevin oğlunun Qubadakı "Rixos” oteldə yüksək vəzifəli şəxsin qohumları ilə dava salması uzun müddət yaddaşlardan silinməyəcək. Məlumat KİV-də yayımlansa da, nə təkzib, nə dəki təsdiq olunmayıb.
 
Ziyəddin Əliyev


31 avqust 2023-cü il tarixli müvafiq sərəncamla Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Mahmudov İlqar Akif oğlu gətirilib. O, bu vəzifəsindən əvvəl Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsində çalışıb. İlqar Mahmudov da vəzifəyə gəldiyi 3 ay ərzində digər həmkarları kimi şəhərə yol çəkilişi, ağac əkmək və vətəndaşlarla görüşü barədə məlumatları qurumun saytında dərc etdirməklə məşğuldur. Hələlik isə hansısa qeyri-adi kreativ layihələrin icrası ilə yadda qalmayıb. 

İlqar Mahmudov


Ordubad rayonu İcra Hakimiyyəti - 22 aprel 2013-cü ildən bu rayonun icra başçısı olan Elşad Novruz oğlu Məmmədov 17 mart 2023-cü ildə vəzifəsindən azad edildi. Elşad Məmmədov da icra başçısı kimi hər hansısa ciddi bir işi ilə yadda qalmasa da, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yaxın adamı kimi tanınırdı. 

Elşad Məmmədov


5 avqust 2023-cü il tarixində Ordubad rayonuna Rəcəb Zakir oğlu Rəhimli icra başçısı təyin edilib. Rəcəb Rəhimli daha çox elm adamı kimi tanınır. O, 87 elmi əsərin, həmçinin xaricdə və respublikamızda nəşr olunmuş 4 monoqrafiyanın, 4 kollektiv kitabın həmmüəllifi, ali məktəblər üçün 1 dərsliyin həmmüəllifidir.

Rəcəb Rəhimli


Samux Rayon İcra Hakimiyyəti - 18 aprel 2012-ci il tarixli sərəncamla icra başçısı təyin edilən Qocayev Alı İbrahim oğlu 25 oktyabr 2023-ci ildə müvafiq sərəncamla vəzifəsindən azad edildi. Alı Qocayev 2005-2012-ci illər ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, icra başçısı olduğu dönəmlərdə özü və ailəsinin adı müxtəlif qalmaqallarda hallanıb. Alı Qocayev Milli Məclisinin sabiq spikeri Oqtay Əsədovla qudadır.

Alı Qocayev


25 oktyabr 2023-cü ildə Əliyev Firdovsi Şahmirzə oğlu Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Firdovsi Əliyev 1995-2000-ci illərdə Milli Məclisin deputatı, 2004-cü ildən ekologiya və təbii sərvətlər nazirinin müavini, 2023-cü ildə sözügedən vəzifəsindən azad edilərək, nazirin müaşviri olub. 62 yaşında icra başçısı təyin edilən Firdovsi Əliyevin nazirlikdə işlədiyi dönəmlərdə adı müxtəlif qalmaqallarda hallanıb. 

Firdovsi Əliyev 


Daşkəsən Rayon İcra Hakimiyyəti - 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışan Əhəd Mikayıl oğlu Abıyev 17 iyul 2023-cü il tarixində müvafiq sərəncamla vəzifəsindən azad edilib. O, icra başçısı olduğu dönəmdə fəaliyyətindən daha çox, hərəkətləri ilə yadda qalıb. Belə ki, Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunmuş tədbirdə Əhəd Abıyevin şifer lövhəsindən hazırlanmış "erməni bayrağı"nı sındırması böyük marağa səbəb olub. Əhəd Abıyevin bu addımı Kolumbiya mətbuatında geniş yer alıb. Çünki sındırdığı bayraq Ermənistan yox, Kolumbiya bayrağı olub. 

Əhəd Abıyev 


O, ayaqqabı, kostyumla boks rinqində döyüşməsi, eyni geyimdə at belində sakinlərlə görüşə getməsi və digər hadisələrlə yadda qalıb. Həmçinin Əhəd Abıyevin oğlunun intihara cəhd etməsi də KİV-də uzun müddət müzakirə mövzsu olub. 

Əhəd Abıyev 


Hələlik Daşkəsən Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilməyib.

Culfa Rayon İcra Hakimiyyəti - 2 aprel 2019-cü ildə bu vəzifəyə təyin edilən Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü ildə işdən çıxarılıb. O, da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yaxın adamı kimi tanınıb. Hələlik yerinə təyinat olmayıb. 

Siyam Hacıyev


Sədərək Rayon İcra Hakimiyyəti - 6 oktyabr 2021-ci ildə Mahirə İsmayıl qızı Adnayeva sözügedən rayonun icra başçısı təyin edilib, 9 avqust 2023-cü ildə müvafiq sərəncamla işdən çıxarılıb. Sabiq icra başçısı da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yaxın adamı kimi tanınıb. O, uzun illər sözügedən rayonun icra başçsının müavini olub.

Mahirə Adnayeva 


Əhməd