İdman 15:02 31.12.2022

3 aylıq cəzalandırılan məşqçi: “Jestimi təhqir kimi qəbul ediblər”

Apellyasiya və Arbitraj Tribunalı "Səbail”in akademiyasının koordinatoru Mirbağır İsayevin cəzası ilə bağlı qərarını çıxardı. Noyabrın 27-də U-17-lərin çempionatında baş tutan "Səbail” - "Turan Tovuz” matçında oyunun rəsmi şəxslərini təhqir etmək əsası ilə cəzalandırılan və 3 ay müddətinə futbolla bağlı vəzifələrdən uzaqlaşdırılan mütəxəssisin cəzası apellyasiya müraciətindən sonra 2 aya endirildi. Maraqlıdır mütəxəssis bu qərarı ədalətli sayırmı?

O, Qaynarinfo-ya açıqlamasında qərarla bağlı bunları söylədi: 

"Yenə də sağ olsunlar, bir ay azaltdılar. Bir ay da geridə qalıb artıq. Qərarla bağlı nə deyə bilərəm? Təhqirə yol versəydim, bunu etiraf edərdim. İclasda iştirak etdim. Sizə dediyimi, onlara da dedim. Söyməmişəm, laynsmanlarla görüşüb, baş hakimə sadəcə, jest etmişəm. Yəni, onunla görüşmək istəməmişəm. Kimə nəyi sübut edə bilərəm ki? Biri var eşidəsən, biri var, görəsən. Nə onların, nə də mənim dediklərimin görüntüsü var. Sağ olsun, hakim-inspektor Munis Abdullayev, o da dedi ki, söyüş eşitməyib. Jestimi təhqir kimi qəbul ediblər. Yenə də sağ olsunlar apellyasiya müraciətinə baxıb cəzanın müddətini azaltdılar”.

Səbuhi Həsənov