Siyasət 18:30 16.05.2023

ABŞ Brüssel görüşünü niyə təqdir edir? (ŞƏRH)

"ABŞ Brüssel görüşünü ona görə təqdir edir ki, Moskva prosesdən kənar qalır və artıq ikitərəfli danışıqlara yol açılır. Ona görə də Vaşinqton ABŞ-dakı görüşlərə dəstək olmaq baxımından Brüssel görüşünü təqdir edir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ Dövlət Departamentinin Brüssel görüşünü Azərbaycanla Ermənistan arasında sülh yolunda mühüm addım adlandırmasına münasibət bildirərkən deyib.

Onun fikrincə, Brüsseldə danışıqlar prosesilə bağlı maraqlı irəliləyişlər olub:



"Məhz Brüssel görüşündə bir sıra məsələlərə aydınlıq gətirildi. Delimitasiya və demarkasiya məsələsi, Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur dəhlizi istiqamətində əldə edilən razılaşma və humanitar istiqamətdə atılan addımlar Brüssel görüşünün mühüm nəticələri idi. ABŞ-ın əsas məqsədi o idi ki, Rusiya prosesdən kənarda qalsın və məsələlər əsasən Brüssel formatında müzakirə olunsun. Brüssel görüşündən əvvəl xarici işlər nazirlərinin Vaşinqton görüşü fonunda da ABŞ bəyan etmişdi ki, məsuliyyəti Avropa İttifaqı ilə bölüşmək istəyir. Yəni dayanıqlı sülh və ABŞ-ın mövqeyinin dəstəklənməsi üçün Vaşinqton prosesdə Aİ-nin də iştirakında maraqlıdır. Brüssel görüşündə mövqelər bir-birinə çox yaxınlaşdı. Bu baxımdan da Vaşinqton Brüssel görüşünü təqdir edir”.

Qeyd edək ki, ABŞ Azərbaycanla Ermənistan arasında Brüssel görüşünü sülh istiqamətində mühüm addım kimi dəyərləndirib. Bunu ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Brüssel görüşə münasibətindən görmək olar. Belə ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərin görüşün nəticələrinə dair sualı cavblandırarkən ABŞ danışıqlarının davamı olaraq, sülhün tərəfdarı kimi Brüssel görüşünün də mühüm addım olduğuna inandıqlarını deyib.

Rüfət Sultan