Xəbər lenti

ABŞ-da tələbə etirazlarında 900 nəfər saxlanıldı
Dünya 12:32 29.04.2024

ABŞ-da tələbə etirazlarında 900 nəfər saxlanıldı

Amerika universitetlərində İsrail və Fələstinə dəstək aksiyaları davam edir. Yaşıllar Partiyasının prezidentliyə namizədi Cill Steyn də daxil olmaqla ümumilikdə 900 nəfər saxlanılıb. Fələstin və İsrail tərəfdarları arasında toqquşmalar baş verib.

Qaynarinfo xəbər verir ki, "The Washington Post”un hesablamalarına görə, son 10 gündə 900 nəfər saxlanılıb.

"The New York Times” bir gün əvvəl xəbər verib ki, saxlanılanlar 700-dən çoxdur. WP-nin məlumatına görə, bu, polisin son illərdə tələbə fəallığına ən sərt reaksiyasıdır. Qəzetə müsahibə verən ekspertlər hesab edir ki, bu, hüquq-mühafizə orqanları üçün bir çox potensial problemlər yaradır.

"Reuters”in məlumatına görə, etirazlar ölkə boyu davam edir. Həbslər çoxalıb, Kaliforniya Universitetində isə İsrail və Fələstin tərəfdarları arasında toqquşmalar baş verib. Universitet bəzi nümayişçilərin ayrı-ayrı etirazçı qrupları üçün qurulmuş maneəni aşması ilə vəziyyətin daha da pisləşdiyini bildirib. Fəallar bir-birini itələyərək, şüarlar və təhqirlər səsləndiriblər, nümayişçilərin bir-birlərinə zərbə endirməsi halları da qeydə alınıb.

Cill Steyn Sent-Luisdəki Vaşinqton Universitetində həbs edilib. O, universitetin Qəzzadakı müharibə ilə əlaqəsinə qarşı etiraz aksiyasını dəstəkləmək üçün gəlib. Bu barədə onun X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib

WP-nin məlumatına görə, bəzi etirazlar dinc xarakter daşıyır, digərləri isə etirazçılar arasında toqquşmalarla müşayiət olunur. Bəzi universitetlər nifrət nitqi, antisemitizm və zorakılıqla bağlı çoxsaylı hesabatlardan sonra polisə müraciət edib. Bəzi universitetlərdə polislə etirazçılar arasında toqquşma olub. 

ABŞ-da etirazlar İsrailə yardım göndərilməsinin təsdiqlənməsi fonunda güclənib. Nümayişlər dalğası aprelin 18-də Nyu Yorkda Kolumbiya Universitetinin ərazisindəki çadır düşərgəsini dağıdarkən polisin 100-dən çox adamı saxlamasından sonra baş verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->