ABŞ dövlət katibi Entoni Blinken 2023-cü il fevralın 28-dən martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” ABŞ Dövlət Departamentinə istinadən məlumat
yayıb.
Xəbərdə deyilir ki, fevralın 28-də Astanada o, "ikitərəfli əməkdaşlığı dərinləşdirmək üçün” Qazaxıstanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.
Qazaxıstan Xarici İşlər Nazirliyi Blinkenin prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcəyini və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacağını bildirib.
Həmin gün Astanada Mərkəzi Asiya ölkələri və ABŞ-ın xarici işlər orqanları rəhbərlərinin C5+1 formatında (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan + ABŞ) Blinkenin iştirakı ilə nazirlərin görüşü keçiriləcək.
Dövlət Departamentinin məlumatına görə, görüşdə ABŞ və beş Asiya dövləti arasında "iqtisadi, enerji, ətraf mühit və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq".
Qırğızıstan, Tacikistan və Türkmənistandan olan "yüksək səviyyəli hökumət rəsmiləri” ilə "ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını” müzakirə etmək və firavan, təhlükəsiz və demokratik region yaratmaq işində ümumi məqsədə nail olmaq üçün ayrıca görüşlər də planlaşdırılır.
Özbəkistanda Blinken "bir sıra ikitərəfli və regional məsələlər üzrə tərəfdaşlığı daha da inkişaf etdirmək üçün” ölkə rəsmiləri ilə görüşəcək.
Martın 1-də Blinken G20 Xarici İşlər Nazirlərinin Görüşündə iştirak etmək üçün Dehliyə gedəcək və həmçinin iki ölkə arasında "güclü tərəfdaşlığı” təsdiqləmək üçün Hindistan hökuməti və vətəndaş cəmiyyəti rəsmiləri ilə görüşəcək, - Dövlət Departamentindən bildirilib.
Alpər
Şərhlər