Siyasət 17:54 15.11.2022

ABŞ-ın “Paşınyan planı”: Vaşinqtonun məqsədi nədir?

Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, ölkənin baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenlə növbəti telefon danışığı olub. Mənbə yazır ki, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşünə də toxunublar.

Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib. Öz növbəsində Paşinyan  ABŞ-ın səylərini və dövlət katibi Blinkenin şəxsən iştirakını yüksək qiymətləndirib. Tərəflər regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. 

Politoloq Elşən Mirzəoğlu Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, ABŞ hazırda bölgəmizdəki proseslərə nəzarət imkanını artırmaq istəyir:

"Bu da anlaşılandır. Vaşinqtonun MDB məkanında Ukrayna ilə yanaşı, Cənubi Qafqazda da Moskva ilə ciddi qarşıdurmaya getmək istəyi özünü göstərməkdədir. Bunun bir səbəbi hələlik Ukraynada Qərbin istəklərinin özünü tam doğrultmaması ilə bağlıdır. Ona görə də Rusiyanı MDB məkanının başqa istiqamətlərində də sınağa çəkmək istəyirlər. 

Onu da nəzərə alaq ki, Paşinyan ABŞ-ın dəstəyilə iqtidara gəlib. ABŞ ehtiyat edir ki, Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə Rusiyayönümlü siyasi qüvvələr yenidən iqtidara qayıda bilər. Ona görə də hər vəclə Paşinyana dəstək olmağa çalışırlar. Bununla da Moskvaya mesaj verirlər ki, Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün Rusiyanın hər hansı bir planının qarşısında mütləq ABŞ-ın alternativ mövqeyini görəcəklər. Ermənistan və İran strateji mövqedə yerləşiblər. ABŞ bölgədə mövqeyini İran kontekstində də qoruyub saxlamağa, gücləndirməyə çalışır”. 

Ekspert düşünür ki, ABŞ-ın regionumuzla bağlı əsl məqsədi heç də Bakı ilə İrəvan arasında mövcud problemin həllinin gedişinə təsir etməkdən ibarət deyil:

"Vaşinqtonda bilməmiş deyillər ki, Rusiya ordusunun mövcudluğu fonunda hələlik onlar bölgə ilə bağlı hərbi planlarını həyata keçirmək imkanında deyillər. Cənubi Qafqazda qüvvələr nisbəti hələlik Moskvanın xeyrinədir. Yəni, ABŞ Rusiyanın diqqətini həm Ukrayna cəbhəsindən başqa istiqamətə yayındırmağa, həm də regionumuzla bağlı öz marağına uyğun vəziyyətin yaranmasına çalışır”. 

Rüfət Sultan