Ekonomiks 11:36 13.05.2022

ABŞ-ın qara siyahısına düşən "VTB-Azərbaycan" müəmması: dollar, sanksiyaya məruz qalan sədr, risklər... (ARAŞDIRMA)

Rusiyanın Bank VTB-si sanksiyaya məruz qalıb, bəz bizim VTB (Azərbaycan)?

Rusiyanın Ukraynaya qarşı 24 fevralda başlayan işğalından dərhal sonra Qərb ölkələri tərəfindən Rusiyanın hüquqi və fiziki şəxslərinə, maliyyə institutlarına və digər subyektlərə qarşı görünməmiş sanksiyalar tətbiq edildi. İlk və ağır zərbəni özündə işğalçı dövlətin bank sektoru hiss etdi. Belə ki, ölkənin əksər sistem yaradan banklarına fərqli ağırlıq dərəcəsi ilə məhdudiyyətlər tətbiq edilib. Bunlardan ən çox zərər görən isə - səhmlərinin 60,9%-nin (dövlət nəzarəti altında olan imtiyazlı səhmləri nəzərə almaqla 92%) Rusiya dövlətinə məxsus, nizamnamə kapitalına görə ölkəsinin birincisi, aktivlərin həcminə görə isə ikinci pillədə qərarlaşan Bank VTB Publik Səhmdar Cəmiyyəti olub. 

Ona qarşı ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Yaponiya, Cənubi Koreya, Sinqapur, Yeni Zelandiya və digərləri sanksiyalar tətbiq ediblər. 

Mart ayının əvvəlində isə bank Avropanın banklararası məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemlərindən kənarlaşdırılıb (ən məhşuru Belçikada qeydiyyat keçən SWIFT).

Ən ağır cəzanı isə qara siyahıya salmaqla (SDN list, Specially Designated Nationals List) ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsi verib. 

Bəs bu sanksiyaların bizim VTB (Azərbaycan) ASC-yə (bundan sonra qısaca olaraq "Bank” deyək) təsiri varmı? Cəmiyyətimizdə Bankın rus bankı olmasına dair fikirlər formlaşsa da, əslində, kimə məxsus olması rəsmi məlumatlarla təsdiqini tapmır. Bu, niyə vacibdir? Çünki ABŞ sanksiyaları Rusiyanın VTB Bankına sanksiya tətbiq etməklə bərabər, onun tərəfindən yaratdığı və payı 50%-dən çox olan törəmə şirkətlərinə də sanksiya tətbiq edib. 

Bankın rəsmi saytında səhmdarlarla bağlı məlumat qapadılıb. Açıq mənbələrdən əldə olan məumatlardan aydın olur ki, ən azı 2017-ci ildə Bankın 51%-i Rusiyanın VTB Bankı, 48,99%-i "Ata Holdinq” MMC və 0,01%-i  "Ata Holdinq” MMC-nin o vaxtki İdarə Heyətinin sədri Adığözəl Ağayev sahibdir. 2022-ci ilə aid olan məlumata əsasən isə artıq Bankın 99,99%-i Rusiyanın VTB Bankına, 0,01%-i isə fiziki şəxsə (böyük ehtimalla Adığözəl Ağayev nəzərdə tutulur; "Ata Holdinq” MMC-nin öz payının satmasına dair açıq mənbələrdən məlumat əldə etmək mümkün olmadı). Belə olah halda Bankın artıq ABŞ-ın sanksiyalarına məruz qaldığını deyə bilərik. Sanksiyalarla bağlı sənədləri araşdırarkən məlum olur ki, bu məsələdə hər-hansı dolayısı məqam axtarmaq lazım deyil, Bank birbaşa ABŞ-ın qara siyahısına (SDN list) daxil edilib.



Diqqətli oxucular nəzər yetirsələr görərlər ki, bizim iqtisadçılar və ekspertlər tərəfindən Bankın sanksiaya məruz qalması sırf "ana” şirkətinin sanksiyalara məruz qalması kontekstində baxılıb və ona uyğun proqnozlar verilib. 

Bankın 25 fevral tarixli ilk və yeganə açıqlaması isə ondan ibarət olub ki, Bank VTB (Azərbaycan) hazırda yüksək səviyyədə likvidlik və kapital saxlamaqla maliyyə xidmətlərinin göstərilməsini davam etdirir. Qəbul edilmiş məhdudiyyətlər müştəri vəsaitlərinin təhlükəsizliyinə və əlçatanlığına təsir göstərmir. Bütün hesablar aktivdir və müştəri vəsaitlərini həm bank filiallarında, həm də məsafəli kanallar vasitəsilə idarə edə bilər. Azərbaycan ərazisində milli valyuta ilə bütün əməliyyatları əvvəlki qaydada tam həcmdə aparmaq mümkündür. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir. 

Ölkə üzrə istənilən bankomat və tərəfdaş banklarda nağd pul çıxarmaq mümkündür. VTB Azərbaycan-ın ödəniş kartlarının xaricdə fəaliyyəti davam edir və istənilən zaman vəsaiti nağdlaşdırmaq mümkündür. Hüquqi şəxslərə Bank VTB Azərbaycan-da təşkilatınıza xidmət göstərilməsi çərçivəsində ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti imtina etməyi tövsiyə edirik. Bank tezliklə müştərilərinə alternativ həllər təqdim edəcək”.

Bankın açıqlamasında bir neçə məqama diqqət yetirmək zəruridir. 

Birincisi, ABŞ və B.Britaniya tərəfindən sanksiya tətbiq edilməsindən sonra alababat açıqlama (VTB Bank PSC-nin digər törəmə banklarının açıqlaması ilə eynilik təşkil edir) verilsə də, Aİ, Kanada və digər dövlətlərin sanksiyalarından, Avropanın banklararası məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemlərindən kənarlaşdırılması və Visa/ Mastercard-ın bloklanmasından sonra hər-hansı açıqlama verilməyib.

İkincisi, Azərbaycan ərazisində milli valyuta ilə bütün əməliyyatları əvvəlki qaydada tam həcmdə aparmaq mümkünlüyü barədə məlumatdır. Bəs xarici valyuta ilə əməliyyatların aparılması hansı vəziyyətdədir? Hələlik "tarix bu barədə susur”.

Üçüncüsü, açıqlamanın "hüquqi şəxslərə Bank VTB Azərbaycan-da təşkilatınıza xidmət göstərilməsi çərçivəsində ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti imtina etməyi tövsiyə edirik. Bank tezliklə müştərilərinə alternativ həllər təqdim edəcək” hissəsnə aiddir. Valyuta ilə hesablaşmlarından imtina edilməsi bildirilsə də, bu günə kimi (artıq 77 gün keçib) müştərilərə alternativ həllər təqdim edilməyib. Ən azı bu barədə KİV-də, Bankın saytı və sosial şəbəkələrində buna dair məlumatlar verilməyib. Məsələn, Qazaxstanda fəaliyyət göstərən VTB Bank öz müştərilərinə müəyyən məsləhətlər görüb.

Üstəgəl, Azərbaycan Resbublikasının Mərkəzi Bankı həmişə olduğu kimi, özünü kənara çəkərək tətbiq edilən sanksiyalarla bağlı ictimaiyyəti məlumatlandırmayıb, Bankın müştəriləri üçün hər-hansı risklərin olub-olmamasını açıqlamayıb. 

Bəs VTB Azərbaycan ASC və onunla əməkdaşlıq edən dövlət qurumları, özəl şirkətlər və vətəndaşları hansı aqibət gözləyir? Bunun həmin şəxslər üçün hansı riskləri ola bilər?

Bu məsələni araşdırarkən qarşımıza çıxan bir neçə suala aydınlıq gətirməyə çalışdıq.

Bankın son aylardakı fəaliyyətini araşdırarkən məlur olur ki, ona qarşı sanksiyaların tətbiqinə baxmayaraq, o, vətəndaşlardan hələ də ABŞ dolları ilə depozit qəbul edir ("sərfəli”, "sərbəst”, "uşaq yığımı” depozitləri) və hətta hədiyyələrlə bu işi təşviq edir. 






Sanksiya tətbiq etmiş ölkələrin valyutasında hesablar açır.

Bundan başqa, Rusiyaya ABŞ dollarının köçürülməsini CONTACT sistemi təmin edir və valyuta (dollar, avro) alışı-satışını həyata keçirir. 



Digər narahatedici məqam sanksiya altında olan bankda fiziki və hüquqi şəxslər tərəfindən 24 fevraldan sonra yerləşdirilmiş valyuta ilə depozitlərin qorunmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 2,5%, maksimal məbləğ isə 100.000 manat ekvivalentində xarici valyutada müəyyən edilib. Sığorta hadisəsi baş verdikdə "Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur. Belə olan halda artıq depozit yerləşdirən şəxslə bərabər valyuta əməliyyatına xidmət göstərən Fond da sanksiyaya məruz qalma riski daşıyır.

VTB Azərbaycan xarici valyuta (sanksiya tətbiq etmiş ölkələrin valyutası) ilə əməliyyat (valyuta mübadiləsi, depozit qəbulu, xaricə valyuta köçürməsi və s) həyata keçirə bilməsi və bankla bu sahədə əməkdaşlıq edən dövlət qurumları, hüquqi və fiziki şəxslərin ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalması riskləri ilə bağlı Bank və Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış suallarımız cavabsız qalıb.

Eyni suallarla Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət olunub. Mərkəzi Bankdan verilən cavablardan belə başa düşülür ki, VTB (Azərbaycan) bankı ilə əməkdaşlıq edən şəxslərin sanksiyalara məruz qalması mümkündür. Mərkəzi Bankın cavabından çıxarış: 

"Rusiya ilə bağlı sanksiyaların tətbiqinə nəzarət, həmin sanksiyaları müəyyən edən dövlətlər tərəfindən həyata keçirilir. Sanksiyaların pozulmasına dair qərar da həmin dövlətlər tərəfindən verilir. Hazırda, Rusiya ilə bağlı ABŞ sanksiyaları yalnız ABŞ şəxslərinə münasibətdə tətbiq edilir. Digər ölkə vətəndaşlarına və şirkətlərinə "İkinci dərəcəli” kimi bilinən sanksiyalar tətbiq edilmir. Başqa sözlərlə, Azərbaycan vətəndaşlarına və ya Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərə münasibətdə hazırkı sanksiyalar tətbiq edilə bilməz. Lakin sanksiya altında olan şəxslər ilə sıx münasibətləri olan istənilən ölkələrin vətəndaşlarının və həmin ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin reputasiya riskləri, qlobal və ya regional miqyaslarda işgüzar nüfuz riskləri, habelə fərqli yurisdiksiyalar tərəfindən "qara” siyahılara salınma riskləri nəzəri olaraq mümkün ola bilər (qaralama redaksiyadandır).”  

Bankın Visa və Mastercard plastik kartları işləyirmi?

ABŞ, VTB Bank və onun törəmə şirkətlərinə sanksiya tətbiq etməsindən sonra Visa və Mastercard sanksiya siyahısına daxil edilən banklarla iş birliyinin dayandırıldığını elan etdi. 

VTB (Azərbaycan) də Visa və Mastercard plastik kartların emissiyasını (dövriyyəyə buraxılmasını) təşkil edib və 2015-ci ilin fevral ayının əvvəlindən "Azericard” prosessınq mərkəzı ilə birgə əməkdaşlıq müqaviləsı imzalayıb. Həmın müqavilə çərçivəsındə VTB (Azərbaycan) ASC-yə "AzerıCard” tərəfındən prossesinq xıdmətlərının göstərılməsı həyata keçirilir. Hazırda VTB (Azərbaycan) ASC "Azericard”ın tərəfdaş banklar siyahısındadır.

Bank tərəfindən yeni Visa və Mastercard plastik kartların dövriyyəyə buraxılması, dövriyyəyə buraxılan Visa və Mastercard plastik kartların istifadəsində, eyni zamanda digər yerli bankların bankomatında bankın Visa və Mastercard plastik kartların istifadəsində məhdudiyyət olub olmamasına dair suallara VTB (Azərbaycan) tərəfindən şifahi və yazılı sorğularımıza cavab verilməyib.

"Azericard”ın Baş direktorunun köməkçisi Aytən Məhərrəmova müxbirimizin suallarını dinləsə də, sonda cavab verməkdən imtina edib.

Bu suallarla bağlı Mərkəzi Bankdan agentliyimizə bildirilib ki, Bank tərəfindən hazırda müştərilər üçün qeyd olunan beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan kartlar emissiya edilmir və Bank tərəfindən müştərilər üçün əvvəllər emissiya edilmiş və qeyd olunan beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan kartların ölkə xaricində istifadəsi mümkün deyil. Həmçinin Bank tərəfindən emissiya edilmiş kartlardan ölkədaxili bankomatlarda istifadəsinə məhdudiyyətin olmadığı, əməliyyatlara məhdudiyyət yalnız kartları qəbul edən ekvayr bank tərəfindən qoyula biləcəyi qeyd edilib. 

Digər yerli banklardan yuxarıda qeyd edilən məsələ ilə bağlı açıqlama alması cəhdlərimiz nəticəsiz qalıb.

Buradan aydın olur ki, Visa və Mastercard Bankın kartlarının xaricə çıxışını məhdudlaşdırıb və Bank xaricdə istifadə üçün yararlı plastik kartlarla müştərilərini təmin edə bilməyəcək. 



Xaricdə kart əməliyyatları məhdudlaşdırılsa da milli valyutada aparılaraq emal olunan əməliyyatlar üzrə hesablaşmalar yerli AZİPS sisteminə inteqrasiya edildiyindən Bankın mövcud olan plastik kartlarla ölkə daxilində milli valyutada əməliyyatlarda heç bir problem yoxdur.



Rusiya bankları Visa və Mastercard sistemlərindən kənarlaşdırıldıqdan sonra özlərinin "Mir” ödəmə sisteminin genişləndirilməsi və Çinin "UnianPay” ödəmə sistemi ilə əməkdaşlığa maraq göstəriblər. Lakin Çin şirkəti ABŞ-ın "ikinci dərəcəli” sanksiyası qorxusundan məhdudiyyətlərə məruz qalmış banklarla əməkdaşlıqdan imtina edib. Qeyd edək ki, adı çəkilən ödəmə sistemlərinin Azərbaycanda fəaliyyətinə icazə verilməyib.

Digər diqqət çəkən məqam Mərkəzi Bank və Dövlət Neft Fondu ilə bağlıdır. Belə ki, Mərkəzi Bank yerli bankların dollara olan tələbatını ödəmək məqsədilə banklar arasında mütəmadi olaraq valyuta hərracları keçirir. 24 fevral-12 may aralığında baş tənzimləyici Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş 20 hərracda banklara 1,237 mlrd. dollar satıb. 

Sanksiyaya məruz qalmış VTB (Azərbaycan) bankın da valyuta hərraclarında iştirak hüququnun və belə olan halda Mərkəzi Bankın ABŞ-ın "ikinci dərəcəli” sanksiyaya məruz qalması riskinin olduğunu nəzərə alaraq, Mərkəzi Banka və Banka müvafiq suallar ünvanlanıb. VTB (Azərbaycan) tərəfindən suallarımız cavabsız qalsa da, Mərkəzi Bankdan verilən məlumata əsasən, məlum olub ki, mövcud sanksiyaların qüvvəyə mindiyi 24 fevral 2022-ci il tarixindən sonra hərraclarda Banka valyuta satılmayıb. Dolların Banka satılmamasının səbəbinin sanksiyalar, yoxsa sadəcə olaraq Bankın bu zaman aralığında dollara ehtiyacının olmamasına dair məlumatı açıqlamayıb.

Mərkəzi Bank 24 fevraldan sonra digər yerli banklar tərəfindən Banka dollar satışı və Avropa və sanksiya tətbiq etmiş digər dövlətlərin banklararası məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemlərindən (SWIFT) kənarlaşdırılmasına dair suallara şərh verməyib.

Qeyd edək ki, OFAC sanksiya tətbiq etməklə (Full Blocking Sanctions on VTB) məqsədi Rusiya iqtisadiyyatını, o cümlədən Bank VTB-ni ABŞ maliyyə institutlarına və qlobal baxımdan dollara çıxışına məhdudlaşdırmaqdır. Bu sanksiyalar birbaşa ABŞ fiziki və hüquqi şəxslərə aid edilsə də, digər dövlətlərdən də sanksiyalara riayət edilməsi gözlənilir. Yəni, istənilən zaman tətbiq edilən sanksiyaların pozulmasına görə xarici dövlət qurumları, şirkətlər və vətəndaşlar ABŞ-ın "ikinci dərəcəli” sanksiyalarına məruz qala bilər. Helə uzağa getməyib Fransanın məşhur BNP Paribas bankını yada salmaq olar. OFAC hər-hansı müttəfiqliyə və tərəfdaşlığa baxmayaraq, İran və Sudana qarşı tətbiq edilmiş SDN sanksiyasını pozduğuna görə BNP Paribas-dan 963 milyon ABŞ dolları məblğində cərimə alıb (banka qarşı 8,9 mlrd dollarlıq iddia verilib və qarşılıqlı razılaşma əsasında 963 milyona məsələ həllini tapıb). Yəni bu qurumla zarafat keçmir. 

Bundan başqa, qeyd etməyi zəruri sayırıq ki, VTB (Azırbaycan) ASC-nin müşahidə şurasının sədri Bortnikov Denis Aleksandroviçdir. O, FSB şefi Aleksandr Bortnikovun oğlu olmaqla VTB Bank PSC-nin İdarə Heyətinin sədr müavinidr. O da öz növbəsində individual olaraq ABŞ-ın "qara siyahısına” salınıb.




Denis Bortnikov

Bəs Bankın sanksiyalara məruz qalması ona qarşı hansı tədbirlərin görülməsinə və müşahidə şurasının sədrinin ABŞ sanksiyasına məruz qalması onun vəzifəsindən kənarlaşdırılmasına əsas ola bilərmi? Belə olan halda Rusiya şirkətləri və rəhbər şəxslər hansı, habelə Rusiya şirkətlərin törəmə şirkətləri olan dövlətlərin tənzimləyici qurumları hansı addımları atırlar?

Bizim qanunvericilikdə (oxu "Banklar haqqında” Azərbaycan Respublikası Qanunu) Bankın inzibatşısı və ya rəhbər şəxsin xarici dövlətlərin sanskiyasına məruz qalması nətincəsində işindən kənarlaşdırılması nəzərdə tutulmayıb. Eyni zamanda da Bankın sanksiyaya məruz qalması ona qarşı tədbirlərin görülməsinə birbaşa əsas deyil. Amma və lakin...

İlk olaraq gəlin, sanksiyaya məruz qalmış rus biznesmenlərin və şirkətlərinin hərəkətlərinə diqqət yetirək. 

Məsələn, sanksiyalara məruz qalmış Abramoviç "Yevraz”dan, Mordaşov "Severstal”dan, Melniçenko "Yevroxim”dən, Quryev "Fosaqro”dan, Timçenko "Novatek”dən ayrılıblar. Belə nümunələr onlarla, yüzlərlədir.

Digər nümunə. Bizim Bankın "ana” şirkəti olan VTB Bank digər şirkətləri sanksiya təzyiqindən kənarlaşdırılması üçün həmin şirkətlərdə olan öz səhmlərinin satışına başlayıb. Bu günə olan məlumata görə, VTB bank Kiprdə yerləşən RCB Bank-ın, "Poçta Rossii” və "Dinamo” Moskva futbol klubunun səhmlərini satıb və ya təmənnasız verib. Bu proses hələ davam edəcək.

Başqa bir nümunə. Rusiyanın "Sberbankı”, VTB Bank və "Alfa Bank”ı Qazaxstanda qeydiyyata alınmış törəmə banklarını satışa çıxarıb.

Belə məqamda VTB (Azərbaycan) ASC və Mərkəzi bankın buna reaksiyası maraq doğurur.

Banka qaldıqda, müşahidə şurasının sədrinin dəyişməsi və digər mühüm qərarlar müşahidə şurasının iclaslarında öz həllini tapır. 24 fevraldan bu günə Bankın müşahidə şurasının 3 növbədənkənar iclası keçirilib (sonuncu mayın 11-də baş tutmalı idi). Heç bir halda iclasın gündəliyi və qəbul edilmiş qərarlar barədə məlumatlar açıqlanmayıb. Bir o dəqiq məlumdur ki, bu yazı dərc edilərkən Mərkəzi Bankın saytında Denis Bortnikov hələ də Bankın müşahidə şurasının sədri vəzifəsindədir. 

Qeyd edilən suallarla bağlı Mərkəzi Bankdan bildirilib ki, Banklara qarşı təsir və təshih tədbirləri, habelə sanksiyaların tətbiqi "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47, 48 və 49-cu maddələri ilə nəzərdə tutulub və Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş prudensial normativlər çərçivəsində fəaliyyətini davam etdirir. Cavabdab anlamaq olur ki, Mərkəzi Bank suallara cavab verir, amma heç nə demir.

Bəs Rusiya banklarının digər dövlətlərdə olan törəmə banklarına hər-hansı məhdudiyyətlər qoyulubmu? 

Məsələn, Gürcüstanın Milli Bankı açıqlama verərək sanksiyalar fonunda məqsədlərini bank əmanətçilərinin, Gürcüstan vətəndaşlarının maraqlarını qorumaq və sanksiyaların şərtlərinin yerinə yetirilməsini nəzərə alaraq, ölkənin maliyyə sisteminin sabitliyini təmin etməyin, MBQ mövcud vəziyyəti intensiv şəkildə izlənilməsi və zərurət yarandıqda qanunvericilik və beynəlxalq standartlarla müəyyən edilmiş alətlər vasitəsilə bankın əmanətçilərinin maraqlarını qorumağa hazır olmasını bildirərək VTB Bank Georgia-nın dollar, avro, funt sterlinq və digər xarici valyutalarda bank köçürmələrini məhdudlaşdırdığını bildirib. 

Qazaxıstan Milli Bankının rəhbəri Qalimjan Pirmatov bildirib ki, Rusiya banklarının respublikada sanksiyalara məruz qalmış törəmə şirkətlərinə müştərilərə xidmət göstərmək üçün köməklik göstərir. Milli Bank banklara öz müştərilərinə xidmətin dəstəklənməsi üçün yardım göstərir, Rusiya banklarının törəmə banklarına təngə adi rejimdə məhdudiyyətsiz nağd şəkildə verilir. 

Qazaxstanın rəsmiləri ABŞ və Avropa İttifaqının sanksiyalarına riayət edəcəyini vurğulayıblar. 

Agentliyimizin əldə etdiyi digər məlumata əsasən, Rusiyanın VTB Bank,  "Sberbank” və "Alfa Bank”ın Qazaxstandakı törəmə bankları sanksiya tətbiq etmiş dövlətlərin valyutaları ilə bank əməliyyatlarının həyata keçirilməsini dayandırıblar. 

Göründüyü kimi, bizdən fərqli olaraq, qonşu dövlətlərin bank tənzimləyiciləri Rusiyanın törəmə banklarına xarici valyuta ilə bank əməliyyatları aparmağı məhdudlaşdırıblar.  

Əldə edilmiş bütün məlumatları təhlil etdikdə belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikası Mərkəzi sanksiyaya məruz qalmış banka valyuta hərraclarında dolların satılmamasının səbəbi məhz ABŞ-ın "ikinci dərəcəli” sanksiyaları ehtimalı və özlərinin də qeyd etdiyi "reputasiya riskləri, qlobal və ya regional miqyaslarda işgüzar nüfuz riskləri”dir. Biz hesab edirik ki, VTB Bank ilə sanksiya tətbiq etmiş dövlətlərin valyutası ilə əməliyyat həyata keçirən fiziki və hüquqi şəxslər risk daşıyırlar.   

Qeyd edək ki, VTB (Azərbaycan) bankının problemləri sanksiyalarla bitmir. Belə ki, Rusiya Maliyyə Nazirliyi və bundan sonra 15 apreldə Bank VTB PSC avrobondlara görə (götürdüyü borclara görə) faizləri rublla ödəyib. 

Kredit sığortaları ilə bağlı rəy verən beynəlxalq komitə Rusiya dövlət borclarını rublla ödəməsinin defolt olduğu ilə bağlı yekdil rəy verib. Bundan sonra, Rusiya dövlətinin defoltuna az müddət qalmış Rusiya Maliyyə Nazirliyi ödənişləri dollarla həyata keçirib və beləcə defolt təhlükəsindən yayına bilib. Lakin Rusiyanın Bank VTB-si hələ də borcunu avro/dollarla ödəməyib və defolt elan olunmamaq üçün isə onun möhlət müddətindən sadəcə bir neçə günü qalıb. Yəni VTB Azərbaycan-nın "ana” şirkəti defolt təhlükəsi ilə üz-üzədir. Bunun isə lisenziyanın geri alınmasına qədər gedib çıxan çox böyük nəticələri var.  

Mərkəzi bank isə bizləri yenə də "Banklar haqqında” Qanununu oxumağa göndərir, bu dəfə 16-cı maddə...

Nizami Bağırov