Dünya 11:05 16.01.2024

ABŞ İranın Ərbilə raket hücumlarını pislədi: Kürd multimilyonçu öldü

ABŞ İranın İraqın Ərbil şəhərinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.

"Biz İranın İraqın sabitliyini pozan ehtiyatsız raket hücumlarına qarşıyıq. İraq hökumətinin və Kürdüstan Regional Hökumətinin İraq xalqının istəklərini yerinə yetirmək üçün göstərdiyi səyləri dəstəkləyirik", - bəyanatda bildirilir.

İran İnqilab Keşikçiləri daha əvvəl İraqın şimalındakı Ərbil şəhəri yaxınlığındakı "casus mərkəzləri" və "anti-İran terror qrupları"na ballistik raketlərlə hücum etdiyini bildirib.

Partlayışlar Ərbildən təxminən 40 kilometr şimal-şərqdə, yarı muxtar Kürdüstanda, ABŞ konsulluğuna yaxın ərazidə, eləcə də mülki şəxslərin evlərində baş verib.
4 mülki şəxsin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

Reuters-in məlumatına görə, ölənlər arasında kürd multimilyonçu iş adamı Peshrav Dizayi və ailə üzvləri var, ən azı bir raket onların evinə düşüb.

Eyni zamanda, İraqdakı raket hücumları ABŞ-ın bir obyektinə də təsir etməyib. Amerikalıların itkisinin olmadığı bildirilib.

Alpər