Dünya 11:20 10.11.2022

ABŞ-la Avropa qışı Ukrayna və Rusiya arasında danışıqlar üçün fürsət hesab edir - NBC

Bəzi ABŞ və Avropa rəsmiləri qışı Ukrayna-Rusiya danışıqları üçün bir fürsət kimi qiymətləndirirlər.

Qaynarinfo bu barədə "NBC News”a istinadən xəbər verir.

Getdikcə bəzi ABŞ və Avropa rəsmiləri hesab edirlər ki, heç bir tərəf Ukraynadakı müharibədə bütün məqsədlərinə nail ola bilməz və qışda hərbi əməliyyatların gözlənilən ləngiməsini Rusiya ilə Ukrayna arasında diplomatiyaya başlamaq üçün fürsət kimi görürlər.

Jurnalistlər onu da bildirirlər ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Kiyevə bu yaxınlarda səfəri zamanı Ukrayna tərəfi ilə müharibənin necə bitəcəyi və bunun diplomatiya yolu ilə mümknülüyü barədə soruşub.

Ukrayna rəsmisi bildirib ki, Sallivan Zelenski hökuməti ilə görüşləri zamanı müharibənin diplomatik həlli zərurətini gündəmə gətirib və Ukraynanın ruslarla danışıqlara hazır olduğunu bildirəcəyi təqdirdə onun təsirinin zəiflədilməməsi deyil, güclənəcəyini vurğulayıb.

Jurnalistlərin fikrincə, eyni zamanda, nə Sallivan, nə də digər rəsmilər müharibəni bitirmək üçün diplomatik yola keçmək təklifləri ilə Ukraynaya təzyiq göstərirlər.

Maraqlıdır ki, telekanalın bu məlumatından sonra ABŞ prezidenti Co Bayden keçirilən brifiqdə bu mövzuya da toxunub. O, Rusiya qüvvələrinin Xersondan geri çəkilməsi əmrini şərh edərək bildirib ki, qoşunların Xersondan Dnepr çayının sol sahilinə geri çəkilməsinə dair Rusiyanın əmri Moskvanın silahlı qüvvələrlə real problemlərinin olduğunu göstərir.

ABŞ prezidenti qeyd edib ki, Rusiya ABŞ Konqresinə seçkilərin bitməsini gözləyərək geri çəkildiyini elan edib.

"Bu geri çəkilmə onu göstərir ki, rusların bəzi real problemləri var və ikincisi, bu, ən azı hər kəsə qısa qış dövründə mövqelərini yenidən yoxlamaq üçün vaxt verəcək", - Bayden deyib.

O, həmçinin bildirib ki, Ukraynanın Rusiya ilə güzəştə getməyə hazır olub-olmaması ilə bağlı qərarın qəbul edilib-edilməyəcəyini görmək lazımdır.

"Mən G20 sammitində iştirak edəcəyəm. Mənə dedilər ki, Rusiya prezidenti Vladimir Putin çətin ki, orada olsun, lakin digər dünya liderləri orada olacaq. Və bizim növbəti addımların nə ola biləcəyini görmək imkanımız olacaq”, - o deyib. 

Xatırladaq ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Ukraynanın "sülh” danışıqları aparmaq istəməməsindən şikayət edib. Və o, Kiyevin razılığını gözləməyə hazır olduğunu bildirib.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski güzəştə getmək istəməməsini onların (güzəştlərin – red.) ölkə tarixində ən böyük səhv olması ilə izah edir.

Nizami Bağırov