Dünya 12:17 31.01.2024

ABŞ maliyyələşməni bərpa etmək üçün UNRWA-da “fundamental dəyişikliklərə” çağırır

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq regionunda Fələstinli qaçqınlara yardım agentliyinə  (UNRWA) Amerika maliyyəsini bərpa etmək üçün təşkilatda "köklü dəyişikliklər” getməlidir.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda agentliyin əməkdaşlarının əli ola biləcəyinə dair xəbərlərdən sonra ABŞ və bir sıra Avropa ölkələri UNRWA-nın maliyyələşdirilməsini dayandırıb.

"Biz təşkilata onun Qəzzada necə fəaliyyət göstərdiyinə, işçilərini necə idarə etdiyinə baxmalıyıq və UNRWA-nın mühüm işini davam etdirə bilməsi üçün cinayət əməlləri törədən insanların - bu 12 nəfər kimi - dərhal məsuliyyətə cəlb olunması təmin edilməlidir”, - Tomas-Qrinfild bildirib.

O, BMT-nin UNRWA əməkdaşlarına qarşı ittihamlarla bağlı araşdırmasını və agentlikdə planlaşdırılmış yoxlama keçirilməsini alqışlayıb. Səfir həmçinin bildirib ki, ABŞ bu ittihamlarla bağlı İsraildən daha ətraflı məlumat gözləyir.

Reuters ABŞ-ı UNRWA-nın ən böyük donoru adlandırır və ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerdən sitat gətirir ki, Vaşinqton təşkilata ildə 300-400 milyon dollar ayırır.

Miller ABŞ-ın oktyabr ayından bəri BMT-nin Fələstinli qaçqınlara yardım agentliyinə təxminən 121 milyon dollar yardım etdiyini söyləyib. 

Xatırladaq ki, yanvarın 24-də UNRWA-nın 12 əməkdaşının oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda əli ola biləcəyi ilə bağlı məlumatlar ortaya çıxıb. Bu hesabatlardan sonra ABŞ və bir sıra Avropa ölkələri agentliyə maliyyə ayırmağı dayandırıb.

Yanvarın 28-də BMT-nin baş katibi Antonio Quterreş maliyyənin bərpasına çağırıb.

Yanvarın 30-da bildirilib ki, İsrail BMT-nin Fələstinli qaçqınlara yardım agentliyinin 190 əməkdaşını HƏMAS və ya "İslami Cihadı” təşkilatının yaraqlıları hesab edir.

Nizami Bağırov