Dünya 13:18 02.12.2022

ABŞ müttəfiqlərlə NASAMS sistemlərinin Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparır

ABŞ NATO müttəfiqləri ilə birlikdə NASAMS yer-hava raket sistemlərinin Ukraynaya köçürülməsi üçün Yaxın Şərqin bir neçə ölkəsi ilə danışıqlar aparır. 

Qaynarinfo "Politico”ya istinadla xəbər verir ki, bu barədə "Raytheon Co” istehsalat şirkətinin baş direktoru Qreq Heys bildirib

Onun sözlərinə görə, danışıqların məqsədi Yaxın Şərqdə yerləşdirilən hava hücumundan müdafiə sistemlərini 3-6 ay ərzində Kiyevə göndərməkdir və bundan sonra ABŞ növbəti 24 ay müddət ərzində bu müqaviləni bağlayan ölkələrə yeni NASAMS göndərməli olacaq. Heys vurğulayıb ki, NASAMS-ın yaradılması iki il çəkir, çünki elektron komponentlərin və raket mühərriklərinin alınması vaxt aparır.

Pentaqonun məlumatına görə, iki Yaxın Şərq ölkəsi, Oman və Qətər NASAMS sistemlərini ABŞ-dan alıb.

Xatırladaq ki, Pentaqon bu ərəfədə Raytheon Co. ilə Ukrayna üçün 1,216 milyard dollardan çox məbləğdə NASAMS yer-hava raket sistemlərinin istehsalıyla bağlı müqavilə imzalayıb.
 
Alpər