Dünya 11:00 08.02.2024

ABŞ ordusu İraqda Hizbullah komandirini öldürdü - CNN

Çərşənbə günü, fevralın 7-də ABŞ hərbçiləri regionda ABŞ qüvvələrinə hücumlara cavabdeh olan "Kataib Hizbullah” qruplaşmasının liderini öldürüb. Bağdadda pilotsuz uçuş aparatı onun getdiyi avtomobili vurub.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb

Öldürülən komandirin kimliyi hələlik açıqlanmayıb. İraq polisi bildirib ki, hücum Bağdadın şərqində, əsasən şiələrin yaşadığı Əl-Məştəl məhəlləsində baş verib. 
Hadisə yerində CNN əməkdaşları yerli vaxtla saat 21:30 radələrində ən azı iki güclü partlayış eşidib. Yanğın səbəbindən avtomobildə olan iki nəfərin meyitini müəyyən etmək mümkün deyil. "Kataib Hizbullah” liderinin ölümünün təsdiqi yerli təhlükəsizlik orqanları və İraq xalq səfərbərlik bölmələrindəki (PMU) mənbələrdən alınıb.

Hadisə dinc əhali arasında itki ilə nəticələnməyib.

"Təhlükəsizlik xidmətlərinin ixtisaslaşmış texniki qrupu Əl-Məştəldə mülki avtomobilə qarşı hücum hadisəsi ilə bağlı təhqiqata başlayıb”, – çərşənbə günü axşam saatlarında verilən açıqlamada deyilir.

Nizami Bağırov