Dünya 15:32 09.12.2022

ABŞ Qazaxıstan banklarına Rusiyanın “Mir” kartlarına xidmət göstərməyə icazə verdi

Qazaxıstan bankları Rusiyanın "Mir” ödəniş sisteminin kartlarından istifadə etməklə əməliyyatlar aparmaq üçün ABŞ Maliyyə Nazirliyindən icazə alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Maliyyə bazarının tənzimlənməsi və inkişafı agentliyinin məlumatında deyilir.
 
"ABŞ dövlət qurumu izah verib ki, "Mir” sisteminin bank kartlarından fiziki şəxslərin, yəni Rusiyadan Qazaxıstana miqrasiya etmiş vətəndaşların dolanışığını təmin edən əməliyyatlar həyata keçirmək üçün istifadə etmələrinə etiraz etmir”, - məlumatda deyilir. Qazaxıstan banklarına "Mir” kartlarından istifadə etməklə ödənişləri, köçürmələri qəbul etməyə, habelə fiziki şəxslər üçün bankomatlar vasitəsilə nağd pul çıxarmağa icazə verilir.

Eyni zamanda, "Mir” sistemi vasitəsilə aparılan əməliyyatlar ABŞ Maliyyə Nazirliyinin xüsusi nəzarəti altında qalacaq və banklar öz inkişaf strategiyalarına və daxili risklərin qiymətləndirilməsi sistemlərinə əsaslanaraq, ona qoşulmaq üçün öz qərarlarını verəcəklər”, – Qazaxıstan tənzimləyicisi xəbərdarlıq edir.
Xatırladaq ki, sentyabrın 16-da ABŞ Milli ödəniş kartı sisteminin ("Mir” operatoru) baş direktoru Vladimir Komlevə qarşı sanksiyalar tətbiq edib və həmçinin xəbərdarlıq edib ki, "Mir” sanksiyaya məruz qalan şəxslərin iştirak etdiyi əməliyyatlar üçün istifadə oluna bilər, bununla da Rusiyadan kənar strukturlar ikinci dərəcəli sanksiyalar obyektinə çevrilə bilər. 

Vaşinqtondan gələn siqnal Rusiya Mərkəzi Bankının 2015-ci ildən bəri qurduğu və müharibə başlamazdan əvvəl 145 milyon kartın olduğu sistemin işini pozub. "Mir”in qəbul edildiyi doqquz ölkədən altısında Rusiya kartlarına xidmət məhdudlaşdırılıb. 

Yalnız Belarus, qondarma "Cənubi Osetiya” və "Abxaziya” "Mir”lə heç bir məhdudiyyət olmadan işləməyə davam edir. Vəziyyətlə tanış olan mənbələr "Bloomberg”ə bildiriblər ki, sistemə vurulan zərbənin miqyası, xüsusən də "dost” hesab edilən ölkələrdə Rusiya Mərkəzi Bankını təəccübləndirib. Onların fikrincə, tənzimləyici həll yolu tapmağa çalışır, lakin ABŞ-ın bütün dünyada banklara təzyiq göstərmək imkanını nəzərə alaraq, hələlik uğur əldə edə bilmir.

Nizami Bağırov