Dünya 15:15 03.01.2024

ABŞ Qətərdəki hərbi mövcudluğunu daha 10 il uzatdı

Amerika Birləşmiş Ştatları Qətərdəki Əl-Udeyd aviabazasındakı hərbi mövcudluğunu daha 10 il uzatmağa razılaşıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Əl Udeyd aviabazası Dohanın cənub-qərbindəki səhrada yerləşir və ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyektidir. Burada 10 mindən çox hərbi qulluqçu yerləşdirilə bilər.

Qətər ABŞ-ın NATO xaricində əsas müttəfiqidir. Ölkə Qəzza zolağında müharibə və girovların azad edilməsi ilə bağlı HƏMAS və İsrail rəsmiləri ilə vasitəçilik danışıqlarında da əsas rol oynayır.

Eyni zamanda, ABŞ Konqresinin bəzi üzvləri Qətəri ölkədə HƏMAS nümayəndələrinin olmasına görə tənqid edir. 113 qanunvericidən ibarət ikipartiyalı qrup 16 oktyabr 2023-cü ildə prezident Co Baydenə məktub göndərərək, ondan Qətər də daxil olmaqla, HƏMAS-ı dəstəkləyən ölkələrə təzyiq göstərməsini xahiş edib.

Nizami Bağırov