Dünya 10:45 09.01.2024

ABŞ qoşunlarını İraqdan çıxaracaq? - Pentaqonun cavabı

Pentaqon ABŞ qoşunlarının İraqdan çıxarmağı planlaşdırıb-planlaşdırmadığı barədə sualı cavablandırıb.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Ötən həftə İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılmasını tələb edən qətnamə qəbul etməsinə baxmayaraq, Pentaqon ABŞ qoşunlarını İraqdan çıxarmaq niyyətində olmadığını bildirib.

"Hazırda mənim qoşunların çıxarılması barədə hansısa plandan xəbərim yoxdur. Biz hələ də İŞİD-i məğlub etmək missiyasına diqqətimizi yönəldirik. ABŞ qoşunları hökumətin dəvəti ilə İraqdadır", deyə Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı bildirib. 

Pentaqonun sözçüsü Bağdadın ABŞ qoşunlarını İraqdan çıxarmaq planından xəbərsiz olduğunu bildirib. O, jurnalistlərə məsələ ilə bağlı istənilən diplomatik müzakirələr üçün ABŞ Dövlət Departamenti ilə əlaqə saxlamağı tövsiyə edib.

Xatırladaq ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin ofisi yanvarın 5-də ABŞ-ın Bağdadda dron hücumundan sonra ABŞ qoşunlarının çıxarılması üçün atılan addımları açıqlayıb. Pentaqon İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi yaraqlıların liderini öldürüb. Vaşinqton tərəfindən verilən məlumata görə, o, ABŞ hərbçilərinə qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak edib. 

Nizami Bağırov