Dünya 17:20 21.07.2022

AB rəsmisi: “Bu, Rusiyanın çaldığı mahnıya oynamaq demək olacaq”

Avropa Birliyi üzv ölkələrə qaz istifadəsini mart ayına qədər 15% azaltmağı tövsiyə edib. 

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir. 

Qaz tövsiyəsi Vladimir Putinin Avropaya ən böyük boru kəməri ilə göndərilən Rusiya tədarükünün daha da azala biləcəyi və hətta dayandırıla biləcəyi xəbərdarlığından sonraya təsadüf edir.

Rusiya qazının AB-yə ixracının üçdə birindən çoxunu təşkil edən "Şimal axını 1” vasitəsilə qaz nəqli 10 günlük fasilədən sonra davam etdirilməyə başlayıb. 

Bu boru vasitəsilə qaz nəqlindəki kəsintilər Avropanın qışdan əvvəl qaz anbarlarını doldurmaq səylərinə maneçilik törədib.

Moskva Qərbin sanksiyalarına cavab olaraq axını məhdudlaşdırmağa davam edərsə, Avropa daxilində qaz verilməsində həcm tətbiq etmək riskini artıracaq və kövrək iqtisadi artıma daha bir zərbə vuracaq.

Avropa Komissiyası bütün AB ölkələrinə 2016-2021-ci illərin eyni dövründəki orta istehlakla müqayisədə avqust ayından mart ayına qədər qaz istifadəsini könüllü şəkildə 15% azaltmağı təklif edib. 

"Rusiya bizi şantaj edir. Rusiya enerjidən silah kimi istifadə edir. Ona görə də istənilən halda, istər Rusiya qazının qismən, əsaslı şəkildə kəsilməsi, istərsə də tamamilə kəsilməsinə Avropa hazır olmalıdır",- AB Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Biz inanırıq ki, qaz nəqlinin tam dayandırılması ehtimalı var. Gözləsək, bu, bizə daha baha başa gələcək və Rusiyanın çaldığı mahnıya oynamaq demək olacaq”, - AB rəsmilərindən biri deyib.

Qeyd edək ki, Putin Baltik dənizinin dibi ilə keçən boru kəməri ilə Rusiya qaz axının tamamilə dayandırıla biləcəyini deyib.

Nurlan Hüseynov