Dünya 11:42 09.07.2022

ABŞ və Çinin XİN başçıları Bali adasında görüşdü: "Konstruktiv və səmərəli dialoq..."

ABŞ-ın xarici işlər naziri Entoni Blinken və Çinin XİN başçısı Vanq Yi İndoneziyanın Bali adasında iki ölkə arasında gərginliyi azaltmaq üçün bir araya gəliblər.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Görüşdən öncə Blinken çinli həmkarı ilə danışıqların "konstruktiv keçəcəyinə" ümid etdiyini bildirib: "Birləşmiş Ştatlar və Çin arasındakı münasibətlərlə bağlı müzakirə ediləcək çoxlu mürəkkəb və mühüm məqamlar var. Biz konstruktiv və səmərəli dialoqa ümid edirik".

Vanq Yi də görüşdən əvvəl bildirib ki, Çin və ABŞ gərginliyi azaltmaq üçün birlikdə çalışmalıdır: "Çin və ABŞ iki böyük ölkədir. Ona görə də iki ölkə arasında normal münasibətləri davam etdirmək lazımdır".

Qarşılıqlı hörmətə ehtiyac olduğunu vurğulayan Çin rəsmisi "Biz bu əlaqələrin düzgün istiqamətdə getməsi üçün birlikdə çalışmalıyıq", deyib.

Qeyd edək ki, Blinken və Vanq öyən ilin oktyabrından sonra ilk dəfə görüşüb. Məqsəd qarşıdakı həftələrdə iki ölkə rəhbəri arasında mümkün danışıqlara zəmin yaratmaqdır.

M.Arif