Dünya 15:33 07.05.2022

ABŞ və Rusiya savaşından Çin nə qazanacaq?

Heç şübhəsiz Ukrayna - Rusiya müharibəsi və bu fonda Qərbin Moskvanı küncə sıxması dünya siyasi şahmat löhvəsinin mühüm oyunçusu olan Çin tərəfidən də diqqətlə izlənilir. Son dövrlər Çinin sürətlə inkişaf etdiyi heç kimə sirr deyil. Bununla belə, Pekin hələlik beynəlxalq münasibətlərə, gərginliyin hökm sürdüyü regionlara müdaxilə etmək deyil, prosesləri əsasən kənardan müşahidə etmək siyasəti yeridir. Yəni bir növ Çin dünyada cərəyan edən proseslər fonunda özü üçün əlverişli məqamın yetişməsini gözləyir. Aydındır ki, Rusiya-Ukrayna qarşıdurmasının sonu dünyanın yeni düzəninin qurulmasına rəvac verəcək. Görünən odur ki, Çin də bu düzəndə aparıcı rol əldə etməyə çalışır. Bu mənada görəsən, Kiyev-Moskva qarşıdurması Pekinə sərf edir, ya yox? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirir ki, Ukrayna hadisələri ümumən Rusiyanın Çinə daha çox yaxınlaşmasına, münasibətlərin daha da dərinləşməsinə rəvac verib. Bu da Çin üçün bir fürsətdir: 

"Çin getdikcə güclənən qlobal güc kimi son proseslərdə öz mövqeyinji daha qabarıq şəkildə ortaya qoymağa çalışır. Ukrayna məsələsinin bu şəkildə cərəyan etməsi Pekin tərəfindən diqqətlə izlənilir. Digər tərəfdən, Ukraynaya hücum edən Rusiyanın gələcəkdə Çinin strateji marağı olan bölgələrdə də aqressiv siyasət yürüdəcəyi ehtimalı var. ABŞ Rusiyanın yaxın çevrəsində aktivləşməsi də Çin tərəfindən narahatlıqla qarşılanır. Pekin ABŞ-ın Ukraynaya dəstəyini Vaşinqtonun həm də Tayvana dəstəyi kimi qəbul edir. Çinlə ABŞ arasında qlobal mübarizədə Rusiya kimi regional güclərin tutacağı mövqe çox önəmlidir”. 

Ekspertin fikrincə, Rusiya ilə Qərbin münasibətlərinin pozulması Çini Rusiya ilə münasibətləri normallaşdırmağa sövq edir:

"Pekin başqa müttəfiqlər də axtarırır. Bu da Orta Asiya, Cənubi Qafqaz, Türkiyə xəttidir. Dolayısı ilə Ukrayna məsələsi Çin üçün yuxarıda qeyd etdiyim coğrafiyaya daha çox diqqət göstərməsi kimi də dəyərləndirilir. Bu mənada Çinin Cənubi Qafqazda sülhün yaranması, Zəngəzur dəhlizinin açılması, İran - Qərb münasibətlərinin normallaşmasına marağı artır”. 

Həmsöhbətimiz onu da qeyd edir ki, Rusiya-ABŞ münasibətləri gərginləşdikcə Çinin Moskvaya dəstəyi ən azından ritorik olaraq artır: 

"Eyni zamanda, Vaşinqtonun Pekindən Rusiya ilə bağlı tələbləri fonunda ABŞ-Çin münasibətlərində yeni problemlər yaranır. ABŞ bu müddətdə ən azı 6 dəfə Çindən Rusiyaya yönəlik sanksiyalara qoşulmağı tələb edib. Pekin isə önəmli məsələlərdə buna getmir. Amma Çinin Amerikadakı şirkətləri fonunda Pekin məsələyə həssas yanaşmaq zorundadır”.

Rüfət Sultan