Siyasət 15:58 09.09.2022

ABŞ və Rusiya təmsilçilərinin bölgəyə səfərlərində hansı mesajlar var? (ŞƏRH)

ABŞ Dövlət Departamentinin Qafqaz baş məsləhətçisi Filip Riker regiona səfər edib. Artıq o Ermənistandadır. Ardınca Gürcüstan və Azərbaycana səfər edəcək. Eyni gündə Rusiya XİN-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev də bölgəyə gəlib. Xovayev artıq Bakıda səfərdədir. 

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması istiqamətində işlər xeyli görülüb. Prosesdə vasitəçi qismində həm Moskva, həm də Brüssel aktiv rol oynayır. Ermənistan baş naziri Nikol Paşinyan da açıqlamaların birində bəyan etmişdi ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Belə bir vəziyyətdə ABŞ və Rusiyadan olan rəsmiləri bölgəmizə nə məqsədlə gəliblər? Özü də eyni vaxtda...
 
Məsələni Qaynarinfo-ya şərh edən politoloq Əlimusa İbrahimov qeyd edir ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker və Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin az qala eyni saatda regiona səfəri bir sıra mülahizələrin yaranmasına səbəb olub: 



"Baxmayaraq ki, Amerikanın təmsilçisi ilə Rusiyanın nümayəndəsinin daşıdığı vəzifənin adları bir-birindən fərqlənir, onların region səfərinin Azərbaycanla Ermənistan arasında mövcud olan münasibətlərin gələcək inkişafı istiqamətinin müəyyən olunmasına və zəruri halda bu istiqamətin dəyişdirilməsi ilə bağlı addımlar atılması üçün öz dövlətlərinə təkliflər hazırlanmasına həsr olunduğu heç kimə sirr deyil”. 

Ekspertin sözlərinə görə, belə səfərlərlə həm ABŞ, həm də Rusiya Qafqazda gedən proseslərdə bir-birlərilə yarışırlar:

"Sanki həm ABŞ, həm də Rusiya Qafqazda gedən proseslərdən geri qalmamaq üçün bir-biri ilə yarışa girib. Rusiya Ukrayna ilə münasibətdə geniş həcimli müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda gedən prosesləri də nəzarətdən kənarda buraxmaq istəmir. Regionda baş verən son hadisələr isə bu nəzarətin getdikcə daha çox zəifləməsinə işarə edir. Bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün az qala bütün imkanlarından istifadə edirlər. Sanki Rusiya-Qərb qarşıdurması başqa formada Cənubi Qafqazda davam etdirilir”. 

Politoloq onu da bildirir ki, hər iki nüfuzlu ölkənin nümayəndələrinin eyni vaxtda regiona səfər etmələri Cənubi Qafqazın bu dövlətlər üçün necə böyük əhəmiyyət kəsb etməsindən xəbər verir:

"İstisna deyil ki, bu səfərlər sonda iki qütb arasında qarşıdurmanın Cənubi Qafqaza da sirayət etməsilə nəticələnəcək”. 

Rüfət Sultan