Dünya 11:36 27.01.2023

Abramoviç sülhməramlı kimi sanksiyalardan xilas olmaq şansını itirir - WSJ

Rusiyalı oliqarx Roman Abramoviç hələ də sanksiyalara məruz qalmaq riski altındadır, çünki onun Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasında vasitəçi olmaq şansı azalır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazır.

ABŞ nəşri yazır ki, artıq bir ilə yaxındır, Roman Abramoviç "Ukraynada müharibəni dayandırmağa kömək etmək, Qərbdəki reputasiyasını və özünün 15 milyard dollarını xilas etmək üçün cəhdlər edib, lakin bu cəhd uğursuzluğa düçar olur və onun aktivlərinə təzyiq artır.  

Qərb rəsmiləri ümid edirdilər ki, Abramoviç, onun sərvətinin böyük hissəsi sanksiyalara məruz qalsa da, yaxın əlaqələri olan Rusiya prezidenti Vladimir Putinlə mənalı danışıqlara yol aça bilər.

Döyüşlər davam etdikcə, Ukrayna, ABŞ və Avropa rəsmilərinin Abramoviçin müharibə şəraitində dialoqun qurulmasında əsas rol oynaya biləcəyinə dair gözləntiləri azalıb.

Apreldə onun təşkilinə kömək etdiyi sülh danışıqlarının iflasından sonra o, indi əsirlərin mübadiləsi və Ukraynadan taxılın və Rusiyadan ammonyakın ixracına dair daha dar razılaşmalara kömək edir.

ABŞ-da rəsmilər Abramoviçlə bağlı getdikcə ikili mövqe tutduqlarını bildiriblər. Onlar indiyədək Ukraynanın tələbi ilə Böyük Britaniya, Kanada və Avropanın ardınca sanksiyalar tətbiq etməkdən çəkiniblər.

Ukrayna hökuməti bu yaxınlarda Abramoviçi öz sanksiya siyahısına əlavə edib, lakin onun qüvvəyə minməsi bütün hərbi əsirlər qaytarılana qədər dayandırılıb.

Vəziyyətlə tanış olan insanların dediyinə görə, Kiyev yazda Buçada mülki əhalinin qətliamında rus qoşunlarını günahlandırdıqdan sonra bəzi Ukrayna rəsmiləri Abramoviçlə əlaqəni qısa müddətə kəsiblər.

Amma sentyabrda Abramoviç Ukrayna ilə Rusiya Federasiyası arasında əsirlərin mübadiləsi ilə məşğul olub. O, Ukraynada əsir götürülən Britaniya və ABŞ döyüşçüləri də daxil olmaqla, Rusiyanın cənubunda 10 nəfərin şəxsi təyyarəyə minməsinə kömək edib.
Abramoviç özü bir ildən çoxdur ki, Londona qayıtmır və sanksiyalar onun ora getməsinə mane olur.

Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Rusiya və Ukrayna arasında müzakirələrdə "bəzi məsələlərə müdaxilə etmək zərurəti yaranarsa, o, rol oynaya bilər” deyir. "Lakin bu, onun danışıqlar prosesinin ilk raundlarında oynadığı vasitəçi rolu deyil”, - o qeyd edir.

Sülh nizamlanmasının təşviqində irəliləyiş olmamasına baxmayaraq, "Abramoviç Putin, Ukrayna və onun müttəfiqləri üçün məqbul vasitəçi olaraq qalır", - deyə WSJ yazır.

Nəşrin məlumatına görə, Abramoviçin danışıqlarda vasitəçi kimi rolu rejissor Aleksandr Rodnyanskinin telefon zəngi ilə başlayıb. Rejissorun oğlu da Ukrayna prezidentinə məsləhət verir.

Abramoviç və Kremlə yaxın adamların dediyinə görə, oliqarx müharibə başlayandan bəri Putinlə şəxsən görüşüb və onunla bir neçə dəfə telefon danışığı olub. Onun prezident administrasiyasının rəhbəri Anton Vayno ilə də birbaşa əlaqəsi var.

WSJ mənbələrinə görə, Abramoviç Ukraynanın mövqeyini birbaşa Putinə çatdırır, sonra isə Kremlin mövqeyini birbaşa Kiyevə çatdırır. O, bir neçə həftədən bir kiçik əsir mübadiləsinə kömək edir.

Qərb rəsmiləri tez-tez Abramoviçin motivasiyasını şübhə altına alır, burada sanksiyaların ləğvinə nail olmaq cəhdini görürlər, lakin oliqarxa yaxın adamlar onun "dəlicəsinə həyat xilas etmək və Ukraynada şəraiti yaxşılaşdırmaqla məşğul olduğunu” deyirlər.
Bununla belə, rusiyalı oliqarx sülh danışıqları şansı gözlədiyi bir vaxtda onun aktivlərinə təzyiqlər artır, bir neçə yurisdiksiyada prokurorlar Ukraynanın bərpasını maliyyələşdirmək üçün onun sərvətinin bir hissəsini ələ keçirməyə çalışırlar.

La-Manş sahilindəki Cersi adası onun aktivlərinin 7 milyard dollardan çoxunun üzərinə müvəqqəti olaraq həbs qoyub. Nəşrin yazdığına görə, onlar oradakı bu aktivlərdən Ukraynanın bərpasına kömək etmək üçün istifadə etmək istərdilər, lakin Cersi hüquq-mühafizə orqanları şərh verməkdən imtina ediblər.

Kanada hökuməti yeni qanundan istifadə edərək Abramoviçlə əlaqəsi olduğu iddia edilən 26 milyon dolları müsadirə etməyə çalışır. Rəsmilər bildiriblər ki, bu vəsaitlər geri qaytarıla bilsə, Ukraynaya köçürüləcək.

"Çelsi” futbol klubu "Los Anceles Dodcers”in ortaq sahibi Todd Boulinin rəhbərlik etdiyi qrupa, əldə edilən gəlirin təxminən 3 milyard dollarını Ukrayna müharibəsi qurbanlarına yardım etmək şərti ilə satıb. İndi bu pullar dondurulmuş bank hesabındadır və Britaniya səlahiyyətlilərindən onların verilməsi üçün icazə gözləyir.

Ötən il ABŞ səlahiyyətliləri Abramoviçin iki təyyarəsini ələ keçirərək, onların Rusiyaya uçuşlara qarşı daha geniş sanksiyaları pozduğunu bildiriblər. Bundan sonra Abramoviç ABŞ-da vəkillər tutub. Onun vəkilləri bildiriblər ki, uçuşlar Ukraynada humanitar dəhlizlərin yaradılması üçün həyata keçirilib.

Abramoviçə yaxın adamlar deyirlər ki, o, müharibə ilə bağlı məsələlərdən başqa çox az şeyə diqqət yetirir, öz hüquqi mübarizəsini daha çox etibarlı məsləhətçilərə həvalə edir.

O, Soçi, İstanbul və Təl-Əviv arasında var-gəl edir, 3 şəhərdə yaşayır. Aralıq dənizi limanlarında digər oliqarxların məruz qaldığı həbslərdən fərqli olaraq onun lüks yaxtaları Türkiyə sularında təhlükəsiz şəraitdədir.

Nizami Bağırov