Ölkə 14:38 02.12.2022

Afaq Məsuda “İvane Maçabeli” və “Mixeil Cavaxişvili” mükafatları təqdim edildi (FOTO

Gürcüstan Yazıçılar Evində Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Qaynarinfo xəbər verir ki, Gürcüstanın tanınmış yazıçıları və incəsənət xadimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar İttifaqının sədri, tanınmış şair Makvala Qonaşvili qonağı və tədbir iştirakçılarını salamlayaraq yazıçının şəxsiyyəti və yaradıcılığı haqqında danışıb.

"Uzun illər boyu bu binada bir çox əlamətdar tədbirlər, yaradıcılıq gecələri keçirilib, lakin bugünkü tədbir xüsusilə seçilən və yaddaqalandır. O səbəbdən ki, Gürcüstan Yazıçılar Birliyinin bu tarixi binasının bugünkü qonağı – Azərbaycanın Xalq yazıçısı, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin yaxınlaşmasında böyük xidmətləri olmuş Afaq Məsuddur. Əsərləri dünyanın dörd bir yanında böyük maraqla oxunan bu məşhur yazıçıya Gürcüstan Yazıçılar İttifaqının qərarı ilə təşkilatın ən yüksək ödülünü – "İvane Maçabeli” mükafatını təqdim etməkdən dərin məmnunluq duyuram”.

Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, tanınmış şair David Şemokmedeli yazıçının yaradıcılığını geniş təhlil edərək Afaq Məsudun əsərlərinin artıq həm də gürcü mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edib:

"Bizim Azərbaycanla ədəbi əlaqələrimizin, dostluğumuzun təməli hələ qədim dövrlərdə dahi klassiklərimiz tərəfindən qoyulub. Bu gün bu əməkdaşlıq Afaq Məsudun timsalında uğurla davam etdirilir. İlk öncə mötəbər qonağımızı salamlayır, onu aramızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm. Afaq Məsudun əsərləri bu gün dünyanın dörd bir yanında oxunur. Əvvəla, deməliyəm ki, bu yazıçının əsərlərini  tam anlamaq və dəyərləndirmək oxucudan xüsusi intellekt və hazırlıq tələb edir. Ədəbiyyat sahəsində müəyyən təsəvvürə malik olan bir insan kimi, deyə bilərəm ki, Afaq Məsud böyük yazıçıdır. Onun əsərləri gürcü, eləcə də digər dillərə uğurla tərcümə edilib, nəşr olunduğu ölkələrdə böyük maraqla qarşılanıb. Bu isə o deməkdir ki, dünya ədəbiyyatı böyük bir yazıçı ilə zənginləşib. Dünyada, o cümlədən Azərbaycanda yazılan və gürcü dilinə tərcümə olunan dəyərli əsərlər gürcü mədəniyyətinin də ayrılmaz hissəsinə çevrilməlidir. Afaq Məsudun əsərləri bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Bizim Təltif Komissiyasının qərarı ilə, ədəbiyyata verdiyi böyük töhfələrə görə Azərbaycanın Xalq yazıçısı Afaq Məsuda Rustaveli Cəmiyyətinin ən yüksək mükafatını – Mixeil Cavaxişvili adına mükafatı təqdim etmək istəyirəm.

Gürcüstan İncəsənət Akademiyasının vitse-prezidenti Şota Mağlakelidze:

"İlk öncə deməliyəm ki, məhz Afaq Məsud kimi yazıçılar ədəbiyyatda yeni mərhələ, xüsusi epoxa yaradırlar. Əsas istiqamətləri də məhz onlar müəyyənləşdirirlər. Mən bu görüşü eyni zamanda hər iki qardaş xalqın qədim tarixli ədəbi-mədəni əlaqələrinin davamı və hər zaman qürurla xatırladığımız bu tarixin ən dəyərli məqamlarından biri hesab edirəm”.

Gürcüstan Yazıçılar İttifaqı sədrinin müavini, tanınmış şair  Bağater Arabuli:

"Bu görüş, əslində, dostluq, doğmalıq və məhəbbət təntənəsidir. Bu gün bura dəvət etdiyimiz Afaq Məsud seçilən və sevilən yazıçılardandır. O eyni zamanda Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri olaraq Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda yayılması istiqamətində böyük işlər görüb. Bunu da xüsusi olaraq qeyd etməliyəm ki, bir neçə il öncə Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsinin yaradılmasında Afaq Məsudun xüsusi rolu və əvəzsiz əməyi var”.

Daha sonra Rustaveli Dövlət Teatrının rejissoru, Gürcüstan Dövlət Mükafatı laureatı Qoça Kapanadze, Gürcüstan Dövlət İncəsənət Universitetinin professoru İura Popxadze, tanınmış şair Nino Sasanava, "Zğvauri” ədəbi birliyinin rəhbəri və eyniadlı jurnalın baş redaktoru, tanınmış şair Bela Keburia, Dövlət Mükafatı laureatı, tanınmış yazıçı Badri Kutateladze çıxış edərək Afaq Məsudun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Rustaveli teatrının aktyorları – Tinatin İmnadze, İlia Kopadze və Lika Kobuladze tərəfindən yazıçının məşhur "Dovşanın ölümü” hekayəsi oxunub,  "Qatarın altına atılan qadın” pyesindən fraqmentlər ifa edilib.