Dünya 09:25 18.05.2023

Ağ Ev İsrail və Səudiyyə Ərəbistanını barışdırmaq niyyətindədir - KİV

ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh razılaşmasına nail olmaq üçün səy göstərmək niyyətindədir.

Qaynarinfo bu barədə "Axios”a istinadən xəbər verir.

ABŞ rəsmiləri bildirirlər ki, Ağ Ev iki ölkəni yaxın 6-7 ay ərzində, Co Bayden seçkilərə hazırlaşmaqla məşğul olmadan əvvəl sülh prosesinə yönəltmək istəyir.

Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik müşaviri Ceyk Sallivan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman keçən həftə Ciddədə görüşüblər. Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsi də müzakirə olunub.

Səudiyyə Ərəbistanının Co Baydenin prezidentliyi dövründə İsraillə sülh sazişi bağlamağa çalışdığı bildirilir. Onların fikrincə, bu yolla saziş ABŞ siyasətçiləri arasında daha çox dəstək qazanacaq və Səudiyyə Ərəbistanını tənqid edən demokratlar demokrat prezident dövründə onu daha çox dəstəkləyəcəklər.

Xatırladaq ki, bu ilin fevralında İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin Səudiyyə Ərəbistanı ilə barışması ərəb-İsrail münaqişəsinə son qoya bilər.

Nizami Bağırov