Xəbər lenti

Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək - Gizli təhlükə
Ölkə 17:54 16.10.2025

Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək - Gizli təhlükə

"Uşaqların məktəb çantalarının çəkisi son illər həm səhiyyə, həm də təhsil kontekstində ciddi sosial problemə çevrilib. Bu məsələ, əslində, təkcə gündəlik narahatlıq deyil, gələcək nəsillərin fiziki inkişafına birbaşa təsir edən sağlamlıq təhlükəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, şagirdlərin daşıdığı çantaların çəkisi hələ də beynəlxalq normaları aşır və bu, normativ-hüquqi, texnoloji və təşkilati səviyyədə daha sistemli tədbirlər tələb edir:

"Təhlillər göstərir ki, Azərbaycan məktəblərində ibtidai və orta sinif şagirdlərinin çantalarının orta çəkisi 6–8 kq arasında dəyişir. Bu isə orta çəkisi 35–45 kq olan 10–14 yaşlı uşaqlar üçün 15–20 faizlik yük deməkdir. Ümumdünya Səhiyyə Təşkilatının və Amerika Pediatrlar Assosiasiyasının standartlarına görə isə çanta çəkisi uşağın bədən çəkisinin 10–15 faizini keçməməlidir. 40 kq-lıq bir uşağın daşıya biləcəyi maksimum çəki 4,5–5 kq-dır. Bundan artıq olan yük sümüklərin, əzələlərin və sinir sisteminin inkişafına mənfi təsir göstərir, onurğa sütununda daimi əyrilik, çiyin asimmetriyası, bel ağrıları və duruş pozuntuları yaradır".



Ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə bu problem artıq illər əvvəl tənzimlənib:

"Məsələn, Finlandiyada və İsveçdə dərsliklər əsasən məktəbdə qalır, şagirdlər evə yalnız planşetlə gedirlər. Almaniyada məktəblərin 70 faizində şagird dolab sistemləri qurulub, hər uşaq öz dərs vəsaitlərini məktəbdə saxlayır. Yaponiya məktəblərində istifadə olunan ənənəvi "randoseru” tipli çantalar ortopedik standartlara uyğun istehsal edilir və dövlət tərəfindən sertifikatlaşdırılır. ABŞ-da bəzi ştatlarda hətta məktəblərə çanta çəkisi limiti tətbiq olunur: şagirdlərin çantaları həftəlik olaraq ölçülür və limitdən artıq olarsa, məktəb rəhbərliyi valideynlərə xəbərdarlıq edir. Azərbaycan qanunvericiliyi səviyyəsində bu məsələyə dolayı şəkildə toxunan müddəalar mövcuddur. "Təhsil haqqında” Qanunun 22-ci maddəsinə əsasən təhsilalanların sağlamlığının qorunması və təhlükəsiz mühitin təmin olunması təhsil müəssisələrinin birbaşa vəzifəsidir. "Uşaqların sağlamlığı haqqında” Qanunun 9-cu maddəsi isə uşaqların fiziki inkişafına zərər vura biləcək şəraitin yaradılmasının qadağan olunduğunu açıq şəkildə bəyan edir. Deməli, həddindən artıq ağır çantalar həm bu maddələrin mahiyyətinə, həm də dövlətin uşaqların rifahı ilə bağlı öhdəliklərinə ziddir".

Kamran Əsədov bildirib ki, bəzi məktəblərdə müəllimlər bütün dəftərləri eyni gündə gətirməyi tələb edir, bu da çantanın çəkisini artırır:

"Orta hesabla bir ibtidai sinif şagirdi 6 fənn üzrə gündə 7–8 kitab və dəftər daşıyır ki, bu da sağlamlıq baxımından artıq yükdür. Dünya təcrübəsi göstərir ki, bu problemin köklü həlli üçün üç istiqamət paralel həyata keçirilməlidir: dərsliklərin elektronlaşdırılması, məktəbdaxili saxlama sistemlərinin qurulması və valideyn maarifləndirilməsi. Estoniyada bu üç yanaşmanın birləşməsi nəticəsində çantaların orta çəkisi 10 ildə 40 faiz azalıb, onurğa əyriliyi olan şagirdlərin payı isə 14 faizdən 5 faizə düşüb. Azərbaycanda da Elm və Təhsil Nazirliyi bu modelə yaxın bir sistemin tətbiqinə hazırlaşır – "Rəqəmsal məktəb” layihəsi, rəqəmsal jurnallar və elektron tapşırıq sistemləri bu istiqamətdə mühüm irəliləyiş hesab olunur".

Kamran Əsədovun fikirincə, uşağın çiynindəki çanta təkcə kitab yükü deyil, gələcəyin yüküdür.

"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bu gün bütün valideynləri narahat edən problemə toxunub:



"Uşaqların məktəb çantalarının çəkisi bu gün cəmiyyət üçün real və ciddi bir müzakirə mövzusu olmaldır. Xüsusilə 10–15 yaş arası uşaqlarda skelet sistemi hələ formalaşma mərhələsində olduğu üçün, bu yaşda artıq çantaların daşınması onların sağlamlığına düzəlməz zərər vura bilər. 13 yaşlı bir qızın hər gün 7 kq-lıq çanta daşıması, əslində, sağlamlıq baxımından qəbuledilməzdir. Uşaqların onurğası, çiyin və bel əzələləri hələ tam bərkimədiyindən, bu ağırlıq bədənin simmetriyasını pozur. Zamanla onurğa əyrilikləri (skolioz), duruş pozuntuları, çiyin və boyun ağrıları, hətta sinir sıxılmaları yarana bilər. Uşağın gündəlik hərəkət aktivliyi azaldıqca yorğunluq, diqqət zəifliyi, məktəbə qarşı istəksizlik kimi psixoloji nəticələr də ortaya çıxır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->