Ölkə 17:55 15.08.2022

Şahdağ Milli Parkında yanğının söndürülməsində çətinliklər yaranıb (YENİLƏNİB/FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində baş verən yanğınla bağlı açıqlama verib.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov isə bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

"Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

17.00
 
Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un məlumatına görə, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib: "Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.