Xəbər lenti

Dünya 15:43 05.04.2024

Aİ Ermənistana 270 milyon avro qrant verəcək, ABŞ 65 milyon dollar yardım

Avropa İttifaqı növbəti 4 il ərzində Ermənistana 270 milyon avro qrant verəcək. 

Qaynarinfo xəbər verir ki, bunu aprelin 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında üçtərəfli görüşün yekunlarına görə çağırılan mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

"Keçən oktyabrda biz Ermənistanla yanaşı olacağımıza söz vermişdik, eyni zamanda əməkdaşlığımıza baxışı inkişaf etdirəcəyimizi vəd etmişdik. Bu gün müzakirə edəcəyimiz şey budur. Biz Ermənistanın daha dayanıqlı olmasını dəstəkləyəcəyik. Biz kiçik biznesi, kiçik və orta sahibkarlığı dəstəkləyəcək, onların inkişafına və yeni bazarlara çıxmasına kömək edəcəyik. Biz infrastruktur layihələrinə sərmayə qoyacağıq", deyə Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ xüsusilə infrastruktur layihələrinə, xüsusən Qara Dəniz Elektrik Kabel layihəsinə, eləcə də bərpa olunan enerji istehsalına sərmayə qoyacaq.

Ursula fon der Lyayen Ermənistan Nazirlər Kabinetinin "Sülh kəsişməsi" layihəsini də alqışlayıb. O qeyd edib ki, Aİ şərtlər imkan verdikdə nəqliyyat məsələsini araşdıracaq.

Avropa Komissiyasının rəhbəri yeni dəstək paketini - Avropanın Ermənistan üçün iqtisadi və investisiya proqramını da xatırladıb. "Artıq investisiya üçün yarım milyard avro səfərbər edib. Bu əla xəbərdir və biz daha çox şey edə bilərik", deyə Ursula fon der Lyayen yekunlaşdırıb.

Eyni zamanda, ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır. 

"Biz 2023-cü maliyyə ili üçün büdcə vəsaitlərimizdən 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq. Bu, iki il əvvəlkindən 50%-dən çoxdur", deyə Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistanın hökumət sahələri və iqtisadiyyatı ilə bağlı tədbirlərə investisiya qoymaq niyyətindədir.

O əlavə edib ki, gələcəkdə ABŞ Ermənistan üçün prioritet sektorlar: ərzaq təhlükəsizliyi, rəqəmsal infrastruktur, enerji diversifikasiyası və ticarətdə yardımın həcmini artırmaq istəyir.

"Cənubi Qafqazda yeni infrastruktur regionun hər bir ölkəsində insanların rifahının yaxşılaşdırılmasına kömək edəcək və ABŞ belə layihələrə kömək etməyə hazırdır", Blinken yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->