Dünya 16:52 09.12.2022

Aİ-nin Rusiyaya sanksiyaları ittifaqın iqtisadiyyatına necə təsir edib? - Bloomberg

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini razılaşdırmazdan əvvəl Avropa İttifaqının rəhbərliyi artıq tətbiq edilmiş məhdudiyyətlərin Avropa iqtisadiyyatına təsirinin nəticələrini dəyərləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg mənbəyə və dərc olunmamış sənədə istinadən məlumat yayıb.
 
Əldə olunmuş məlumatlardan belə nəticə çıxır ki, sanksiyaların mənfi təsiri iqtisadiyyatın yalnız bir neçə sektoru ilə məhdudlaşıb. Aİ ölkələri sanksiyalardan bu zərəri kompensasiya etmək üçün 525,5 milyard avro (554 milyard dollar) xərcləyib.

Avropa İttifaqının icra orqanının hazırladığı qiymətləndirməyə görə, ən böyük təsir Rusiyadan ağac və qiymətli metalların idxalına dəyib. Bununla belə, Avropa iqtisadiyyatı dəyişən bazar tendensiyalarından və Rusiyanın cavab məhdudiyyətlərindən daha çox zərər çəkib. Cavab tədbirlərinə görə, məsələn, çip istehsalı üçün zəruri olan neon və ksenon kimi nadir qazların idxalı azalıb.

Sənəddə qeyd olunur ki, Rusiyadan Aİ ölkələrinə idxal hərbi əməliyyatlar başlayana qədər ümumi ticarətin 40-45%-dən təxminən 9%-ə düşüb. Eyni zamanda, əsas idxal Türkiyə, Braziliya, Cənubi Koreya və Hindistandan tədarüklə əvəzlənib. Aİ iqtisadiyyatı üçün kritik əhəmiyyətli xammala vurulan zərbə indiyədək əhəmiyyətsiz olub. Belə ki, qiymətləndirmə göstərib ki, alüminium, nikel və titan idxalı, əksinə, artıb, palladium və misin tədarükü isə bir qədər azalıb.

Təhlildən belə çıxır ki, ən həssas yerlərdən biri Avropa İttifaqının Çindən yük daşımaları üçün Rusiya dəmir yollarından və dəhlizlərindən asılılığı olub. Qəzet qeyd edir ki, bu problem nəqliyyat xərclərini daha da artıracaq.

Dekabrın 7-də Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmununu açıqlayıb. Buraya 200 fiziki və hüquqi şəxs daxil olacaq. İxrac nəzarəti genişləndiriləcək, Rusiyada dağ-mədən sənayesinə investisiya qoyuluşuna qadağa qoyulacaq. Məhdudiyyətlər daha üç Rusiya bankına təsir etməlidir. Rusiyanın dörd kanalının yayımı da dayandırılacaq.

Nizami Bağırov