Dünya 15:28 15.12.2022

Aİ ölkələri Rusiyaya 9-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədi

Aİ ölkələri dünən, dekabrın 14-də keçirilən iclasda doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Polşa və Baltikyanı ölkələr paketdəki bəzi güzəştlərə etiraz edirlər.

Bu barədə Qaynarinfo Kommersant-a istinadən xəbər verir.

Layihə yenidən baxılmaq üçün Aİ ölkələrinin səfirləri səviyyəsinə qaytarılıb. Avropa Şurasının rəhbəri Şarl Mişel dekabrın 15-də günün sonuna qədər yeni qərarın gözlənildiyini bildirib.

"Bir sıra ölkələr doqquzuncu paketin bəzi parametrləri ilə razılaşmır. Səfirlər bu gün yenidən müzakirə edəcəklər, ümid edirəm ki, günün sonuna qədər razılıq əldə olunacaq”, - deyə rəsmi bildirib.

"Reuters”in məlumatına görə, Polşa və Baltikyanı ölkələrin nümayəndələri hesab edirlər ki, Rusiya gübrələri üçün güzəştlər rusiyalı iş adamlarına sanksiyalardan yan keçmək üçün boşluğa çevrilə bilər. Eyni zamanda, digər ölkələr də Dünya Ərzaq Proqramının ehtiyacı olan ölkələrə gübrə tədarükü üçün icazələrin verilməsinə qoşulmasını istəyir.

Daha əvvəl xəbər verildiyi kimi, doqquzuncu sanksiyalar paketinə mədənçıxarma sənayesinə investisiyaların məhdudlaşdırılması və daha bir neçə Rusiya bankının hesablarının dondurulması daxil edilməlidir. Dekabrın 12-də Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bildirib ki, həftənin sonuna qədər yeni paketlə bağlı razılığa gəlməyə ümid edir.

Nizami Bağırov