Dünya 00:05 07.09.2022

Aİ rusiyalılara verilən Şengen vizalarını ləğv etməyə başlayacaq

Avropa İttifaqına üzv ölkələr rusiyalılara artıq verilmiş vizaları ləğv edə biləcəklər. 

Qaynarinfo xəbər verir ki, bunu Aİ-nin daxili işlər üzrə komissarı İlva Yohansson Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin ləğvi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"İndi Rusiya vətəndaşlarının əlində bir milyondan az etibarlı Şengen vizası var. Bu yeni şərtlərdə Aİ-yə üzv ölkələrin bütün verilmiş və etibarlı vizalar ilə bağlı qərarları yenidən nəzərdən keçirmək imkanı var”, deyə Yohansson jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, həmçinin aydınlaşdırıb ki, Aİ-yə üzv dövlətlər indi prioritet məsələ kimi mühüm əhəmiyyət kəsb edən rusiyalıların viza sorğularına baxmaq və qalıq əsasda turist vizalarının verilməsi sorğuları ilə işləmək imkanına malikdirlər. Komissar bu qaydanı Avropa diplomatik missiyalarının bir çox əməkdaşının Rusiyada persona non-qrata elan edilməsi və yerdə qalan diplomatik heyətin iş yükünün kəskin şəkildə artması ilə əlaqələndirib.

Bundan əvvəl Avropa Komissiyası sentyabrın 12-dən Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişindən çıxmaq planlarını açıqlamışdı. Yeni şərtlərə əsasən, ruslar üçün viza rüsumu 35 avrodan 80 avroya yüksələcək, konsulluqlar müraciətlər üzrə 10 yox, 15 gün, lazım gələrsə, 45 günə qədər qərar verəcək. Həmçinin çoxgirişli vizalarına daha sərt qaydalar tətbiq olunacaq və viza almaq üçün sənədlərin siyahısı daha da uzanacaq.

Müqavilənin ləğvinə səbəb "Rusiyanın destruktiv xarici siyasəti və Ukraynaya qarşı hərbi təcavüzü olub”, - Avropa Komissiyasının bəyanatında deyilir. Aİ rəhbərliyi müəyyən kateqoriya rusiyalılar, o cümlədən Aİ vətəndaşlarının ailə üzvləri, jurnalistlər, dissidentlər və vətəndaş cəmiyyətinin üzvləri üçün açıq qalmağa söz verib.

Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2007-ci ilin iyununda qüvvəyə minib. Bu, rusiyalıların Aİ-də 90 gündən çox olmayan müddət üçün viza alması prosesini asanlaşdırıdı.
 
Nizami Bağırov