Ölkə 15:07 29.07.2022

Aİ və BMT-nin dəstəyi ilə Lənkəranda təlim keçirilir

İştirakçılar gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolunu müzakirə edirlər 

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının baş redaktorları, redaktorları, jurnalistləri, həmçinin tanınmış bloqerlərin iştirakı ilə ”Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda üç günlük təlimə başlayıb.  

29-31 iyul tarixlərində Lənkəran şəhərində keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir. 

Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeni və onun səbəb ola biləcəyi mənfi nəticələr, mediada gender əsaslı ayrı-seçkilik və gender stereotipləri haqqında məlumat veriblər.   

"Təəssüflə qeyd etməliyik ki, hazırda Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkələr arasında birinci yerdədir. BMT-nin Əhali Fondu 10 ildən artıqdır ki, oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə  qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirir. Biz bu fenomenlə mübarizə üçün müxtəlif səviyyələrdə işləyirik. Vurğuladığım kimi, əsas prioritetlərimizdən biri Azərbaycanda mövcud olan bu ciddi problemi daha geniş miqyasda müzakirə etmək, həm problemin mövcudluğu, həm də qarşısı alınmazsa, onun səbəb ola biləcəyi fəsadlar barədə məlumatlılığı artırmaq, eyni zamanda qız uşaqlarının dəyərini təşviq etməkdir. Qeyd etməliyəm ki, edilən müdaxilələrin uğurunu təmin etmək üçün "dördüncü hakimiyyət” hesab edilən media sektorunun da bu işə töhfəsi çox əhəmiyyətlidir”, deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev bildirib. 

İştirakçılar gender məsələlərinin mediada işıqlandırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısnın alınmasında medianın rolundan danışıblar. 

Təlim zamanı BMT-nin Əhali Fondu təlim iştirakçıları arasında müsabiqə elan edib. Belə ki, təlimdə iştirak edən və müsabiqəyə qatılan media nümayəndələri dərc və ya nümayiş etdirdikləri ən yaxşı yazı və ya video materialı müsabiqəyə təqdim etməlidirlər. Birinci yerin qalibi Türkiyədə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq, ikinci və üçüncü yerin qaliblərinə isə pul mükafatları təqdim olunacaq.   

Qeyd etmək lazımdır ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.