Ölkə 15:21 25.06.2022

Şair Ramaldanov: “Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin təminatçısıdır”

"Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrimiz ağır şəraitdə, döyüşlər fonunda formalaşmağa başlayıb”.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanov deyib ki, SSRİ-nin süqutundan sonra Azərbaycan Ermənistanın hücumuna məruz qalıb: "Ermənistanın işğalı ilə mübarizə aparmaq üçün yerlərdə torpaqlarımızı qorumaq uğrunda mübarizəyə qalxan qəhrəman Vətən övladları yarı silahlı, yarı silahsız taborlarda birləşdi. Qarşıda isə böyük dövlətlər tərəfindən dəstəklənən Ermənistanın quldur silahlı birləşmələri vardı. Övladlarımız qəhrəmanlıqlar göstərdi, şəhidlərimiz oldu. Amma bu cür düşmənlə mübarizə aparmaq üçün ölkədə güclü və mütəşəkkil hakimiyyət, idarəetmə olmalı idi. Amma təəssüflər olsun ki, rəhbərlikdə gedən proseslər, kürsü uğrunda mübarizə düşmənə qarşı mütəşəkkil mübarizəyə mane olurdu. Bunu əslində həm də düşmənin dəyirmanına su tökməyə bənzətmək olar. Bakıda gedən proseslər cəbhədə döyüşənlərin də ruh yüksəkliyinə təsir etməyə bilməzdi”.

Polkovnik qeyd edib ki, xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalının genişlənməsinin qarşısı alındı, 1994-cü ildə uğurlu əks-hücum əməliyyatı həyata keçirildi, Horadiz qəsəbəsi daxil olmaqla, 20-dən çox yaşayış məntəqəsi azad olundu: "Bundan sonra Ermənistan məcburən atəşkəslə bağlı razılaşmanı imzaladı. Atəşkəs Azərbaycanın dinc şəraitdə ordu quruculuğunu həyata keçirməsi üçün vacib idi. Qısa zamanda Ulu öndərin həyata keçirdiyi işlər nəticəsində Azərbaycan Ordusu formalaşmağa başladı. Qardaş Türkiyənin hərbi mütəxəssisləri bu ordu quruculuğunda fəal iştirak etdilər. Ulu öndərin hakimiyyətə qayıdışından sonra onun sovetlər zamanında yaratdığı Naxçıvanski hərbi liseyinin məzunlarının Azərbaycana qayıdışı da başladı və onlar Ordumuzun formalaşmasında yaxından iştirak etdilər. Qısa zamanda Azərbaycan Ordusu regionda ən güclü ordulardan birinə çevrildi və düşmənin cəbhə bölgəsində bütün təxribatlarının qarşısı aldı”.

Şair Ramaldanov vurğulayıb ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsini təmin etdi: "Azərbaycan Ordusu ən müasir silahlarla təmin edildi, peşəkarlığı yüksəldildi. Biz hərbçilərimizin yüksək peşəkarlığını geniş miqyaslı hərbi təlimlərdə, müxtəlif beynəlxalq hərbi yarışlarda və oyunlarda görürdük, hərbçilərimiz birincilər sırasında olurdu. Məsələn, Rusiyada 30 dövlətin hərbçilərinin iştirakı ilə keçirilən "Tank Biatlonu” yarışlarında hərbçilərimiz finala çıxmışdı. O cümlədən, topçular və nişançılar arasında hərbçilərimiz fərqlənirdi. Azərbaycan xüsusi təyinatlıları Türkiyədə 28 dövlətin hərbçiləri arasında yarışda birincilik qazanmışdılar. Beləliklə, Azərbaycan Ordusu peşəkarlığını ölkədən xaricdə də ortaya qoyurdu. Əlbəttə, bu, düşmən tərəfindən narahatlıqla izlənirdi və buna görə düşmənin təxribatlarının da sayı artırdı. Bu baxımdan 2016-cı ilə Aprel döyüşlərindən sonra Ali Baş Komandanın Ordumuza verdiyi qiyməti xüsusi qeyd etmək istəyirəm. Ali Baş Komandan demişdi ki, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Başqa sözlə, Ali Baş Komandan rəhbərlik etdiyi orduya inamını ortaya qoydu. Digər tərəfdən, Prezident İlham Əliyev hücum diplomatiyası elan edərək qarşıda olacaq Vətən müharibəsinə diplomatik müstəvidə də əlverişli şərait formalaşdırmaq üçün çalışırdı. Eyni zamanda Ordumuz 25 minə qədər şəxsi heyətin cəlb edilməsi ilə təlimlər keçirirdi. Bu onu göstərirdi ki, Ordumuzun savadlı, peşəkar, məharətli sərkərdələri yetişdirilirdi. 25 min şəxsi heyətlə təlim keçirmək böyük sərkərdə məharəti tələb edirdi. Beləliklə, artıq Ordumuz hazır idi, diplomatik müstəvidə də beynəlxalq aləmdə maksimum lazımi hazırlıq işləri aparılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğurlar, qələbələr əldə olunmuşdu. Qardaş Türkiyə və Pakistanın Azərbaycana dəstəyi açıq və birmənalı dəstəyi bəyan edilirdi. Super güclərlə münasibətlərdə də lazımi addımlar atılırdı. Diplomatik müstəvidə görülən işlər Azərbaycanın torpaqlarını güc yolu ilə azad etməyə qərar verən zaman geosiyasi arenada riskləri azaldan amillər idi. 2020-ci il sentyabrın 27-də düşmənin geniş miqyaslı təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Ali Baş Komandanın rəhbərliyi ilə formalaşdırdığı Ordu qısa müddətdə düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, düşmən faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Ali Baş Komandanın dediyi kimi, tarixi Zəfər qazandıq, Azərbaycan Ordusu qalib Ordudur və biz bundan sonra Müzəffər Xalq kimi yaşayacağıq. Bu Zəfərlə Azərbaycanın yeni tarixi başladı”.

Şair Ramaldanov nəzərə çatdırıb ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə modeli əsasında qurulması barədə tapşırıq verib: "Hazırda bu tapşırıq yerinə yetirilir, Orduda islahatlar aparılır, yeni komando hərbi hissələri yaradılır. Eyni zamanda Vətən müharibəsi təcrübəsi də ordu quruculuğunda nəzərə alınır. Bu, Azərbaycan Ordusunun dünyanın ən güclü və müasir orduları sırasında daha yüksək yerlərdə yer tutmasını şərtləndirəcək. Azərbaycan Ordusu regionda sülh və təhlükəsizliyin təminatçısıdır”.