Dünya 09:16 31.10.2023

Almaniya ilə Qətər arasında siyasi gərginlik

Almaniyanın xarici işlər naziri Annalena Berbokun bəyanatları Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşünü pozmaq təhlükəsi yaradıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel"in köşə yazarı Kristof Şultun yazıb.

Məqalədə deyilir ki, əmir Berbokun Almaniyanın ZDF telekanalına müsahibəsində söylədiyi fikirlərə görə çox qəzəblənib. Görüşdən əvvəl alman nazir televiziyada bildirib ki, Qətər əmiri ilə danışıqlarının əsas mövzularından biri "terrorizmə sponsorluq etməyi dayandırmaq tələbləri" olacaq.

Məqalədə qeyd olunur ki, diplomatın bu cür bəyanatları görüşün ləğvinə səbəb ola bilərdi. Lakin Qətər əmiri sonda Berlində Almaniyanın xarici işlər naziri ilə görüşüb. Jurnalistin sözlərinə görə, əmir Berboka izah edib ki, Qətərin yardım ödənişləri İsrail və ABŞ ilə razılaşdırılır, ciddi nəzarət altında həyata keçirilir.

Qeyd edək ki, Berbok son dövrlər dəfələrlə qalmaqalların mərkəzində olub. Yanvar ayında o, AŞPA-nın iclasında Avropa ölkələrinin "Rusiyaya qarşı müharibə apardığını" deyib və onları günahkarları öz aralarında axtarmaqdansa, Ukrayna üçün daha çox iş görməyə çağırıb. Bu bəyanat bir çox siyasətçinin kəskin tənqidinə səbəb olub, hətta bəziləri onun istefasını tələb ediblər. Nazir daha sonra "Tagesspiegel" qəzetinə müsahibəsində səhvini etiraf edib.

Aydın