Dünya 16:56 02.12.2022

Almaniya sursatın artırılmasına təcili yardım üçün pul ayırmaqdan imtina etdi - Politico

Almaniyanın maliyyə naziri Kristian Lindner müdafiə naziri Kristin Lambrextin Bundesverdə silah-sursat çatışmazlığı fonunda təcili maliyyə dəstəyi tələbini rədd edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin dövlət katibi Şteffen Zabişin məktubuna istinadən "Politico” qəzeti yazıb.

Qəzetin istinad etdiyi məktubda Kristin Lambrext yeni sursatların alınması üçün "dərhal əhəmiyyətli miqdarda büdcə vəsaitinin ayrılmasını" xahiş edir.
 
Qəzetin istinad etdiyi sənəddə deyilir ki, silahla təminatda ləngimə büdcə vəsaitinin çatışmazlığı ilə bağlı deyil. Qeyd olunur ki, bunun əsas səbəbi bu yardım üçün mürəkkəb və ardıcıl olmayan bürokratik planlaşdırma prosesləridir.

"Politico”nun məlumatına görə, Almaniya parlamentinin müdafiə siyasəti üzrə qrupunun sözçüsü Sara Nanni və büdcə üzrə nümayəndə Sebastyan Şefer dekabrın 1-də Almaniya müdafiə sənayesinin vəziyyəti ilə bağlı mətbuata açıqlama veriblər. Orada deyilir ki, Almaniya NATO-nun silah-sursat ehtiyatları ilə bağlı tələblərinə cavab verməkdən "uzaqdır”.

Kristin Labrext hələ iyul ayında Bundesverin Ukraynanı silahla təmin etmək üçün resurslarının tükənməsindən danışıb. Noyabrın 20-də Bundestaqın müdafiə komissarı Eva Högl bəyan edib ki, Almaniya ordusunda 20 milyard avroluq silah çatışmamazlığı var. 

Fevralda Almaniya kansleri Olaf Şolts Bundesverin silah-sursatını doldurmaq üçün xüsusi fondun yaradıldığını elan edib və ona 100 milyard avro göndərəcəyini vəd edib. Sentyabrda Bavariyanın baş naziri Markus Zöder hakimiyyət orqanlarının bu fonda vəsait göndərmədiyini bildirib.

Nizami Bağırov