Dünya 09:36 06.01.2023

Almaniya Ukraynaya “Marder” və “Patriot”lar göndərir

Almaniya hökuməti "Marder” piyadaların döyüş maşınları və "Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verəcəyini təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts 2023-cü il yanvarın 5-də telefonla danışaraq, Rusiyanın Ukraynaya qarşı davam edən işğalçı müharibəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bayden və Şolts arasında aparılan danışıqlar zamanı tərəflər "lazım olduğu müddətcə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirməyə” razılaşıblar. 

"Bu məqsədlə Birləşmiş Ştatlar Ukraynanı "Bradley” döyüş maşınları, Almaniyaya isə "Marder” döyüş maşınları ilə təchiz etmək niyyətindədir”, deyə birgə bəyanatda qeyd edilir.

Tərəflər, həmçinin Ukraynanın suverenliyi və müstəqilliyini dəstəklədiklərini və "Ukrayna ilə sarsılmaz həmrəyliklərini” bir daha təsdiq ediblər.

Yanvarın 6-da Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla Ukrayna Silahlı Qüvvələri üçün sonrakı silah təchizatının təfərrüatlarını müzakirə edəcək.

"Bizim daha bir "Patriot" batareyası və güclü zirehli texnikamız olacaq. Bu, həqiqətən də dövlətimiz üçün böyük qələbədir. Bütün detallar və son tarixlər sabah - mənim cənab kanslerlə söhbətimdən sonra olacaq", deyə Ukrayna prezidenti qeyd edib.

Nizami Bağırov