İdman 12:37 20.02.2024

Amerikalı sprinterdən yeni dünya rekordu

110 metr sədlərlə qaçış üzrə üçqat dünya çempionu, Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş medal sahibi amerikalı Qrant Hollovey üç il əvvəl qırdığı rekordu yeniləyib.
 
Qaynarinfo-nun məlumatına görə, Hollovey bu rekordu fevralın 16-da ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirilmiş qış ölkə çempionatında yeniləyib. O, 60 m sədlərlə məsafəni 7.27 saniyəyə qaçaraq yeni dünya rekordu müəyyənləşdirib. Sprinterin öncəki rekordu isə 7.29 saniyə idi. Qrant həm də 60 m sədlərlə məsafəni indiyə qədər 7.30 saniyədən daha az müddətdə bitirən yeganə atletdir və ümumilikdə üç dəfə belə nəticə göstərib.

İdmançı artıq Şotlandiyanın Qlazqo şəhərində 01-03 mart 2024-cü il tarixində keçiriləcək Qış Dünya Çempionatında iştirak şansı qazandığı üçün, ölkə çempionatının final mərhələsində iştirakdan imtina edib. Bu səbəbdən yarışı 2022-ci ildə Oreqonda keçirilmiş Dünya Çempionatının gümüş mükafatçısı Trey Kanninqhem 7.39 saniyəlik nəticə ilə qazanıb.
 
Səbuhi Həsənov