Türkiyənin Suriyanın şimalında xüsusi əməliyyata başlayacağı barədə məlumatlar dünya mediasının əsas müzakirə mövzusudur.
Xatırladaq ki, iyunun 1-də Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriya ilə sərhəddə "təhlükəsizlik zonası” yaratmaq planlarını açıqladı: "30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarımızın yeni mərhələsinə qədəm qoyuruq. Menbiç və Tel-Rıfat şəhərlərini terrorçulardan təmizləyirik”.
Lakin deyəsən Ərdoğanın bu addımı atmaq istəyi Moskvada heç də yaxşı qarşılanmayıb. "Debka” saytının məlumatına görə, iyunun əvvəlindən başlayaraq Rusiya ordusu Suriyanın şimalında öz qüvvələrini gücləndirir. Saytın məlumatına görə, Rusiyanın Hərbi-Hava Qüvvələri Su-34 qırıcı təyyarələrini və K-52 helokopterlərini Latakiya şəhərinin yaxınlığındakı Xmeymim aviabazasından Suriyanın şimal-şərqindəki Əl-Qamışlı hava limanına göndərib. Həmin hava limanı Suriya-Türkiyə sərhəddinin yaxınlığında yerləşir. Görünən odur ki, Moskva Türkiyənin bu əməliyyatına "yaşıl işıq” yandırmaq niyyətində deyil.
Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 9-da Ankaraya səfəri zamanı bu məsələnin müzakirə edildiyi də istisna edilmir. Belə ki, Lavrovun həmin səfərindən sonra Türkiyə siyasi elitası sözügedən əməliyyat barədə susmağa üstünlük verib.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Cümşüd Nuriyev bildirir ki, Ankara ola bilsin digər məsələlərdə Rusiya ilə bəzi razılığa getdiyindən, onunla Suriyanın şimalında xüsusi əməliyyat keçirməməklə bağlı müəyyən anlaşma əldə edib:
"İstisna deyil ki, Lavrovun Türkiyə səfəri zamanı bu məsələdə tərəflər arasında anlaşma əldə edilib. Hələlik Ərdoğandan mövzu ilə bağlı sərt bəyanat eşitməmişik. Amma Lavrovun Ankaradan İrəvana gəlməsi heç də təsadüfi deyil. Türkiyənin Azərbaycanla bağlı yeni layihəsi var. Görünən odur ki, bu sırf Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlıdır. Ola bilər ki, Türkiyə Suriyanın şimalında öz təhlükəsizlik zonasını təmin etdiyindən Rusiya ilə müəyyən razılaşmağa gedib. Bu variant istisna olunmur”.
Rüfət Sultan
Şərhlər