Avropalı səyyahlar Antarktida qitəsini 19-cu əsrdə kəşf etsələr də, qədim Maori əfsanələri bu kəşfin daha əvvəl başqa bir xalq tərəfindən edilə biləcəyini göstərir: polineziyalılar.
Qaynarino xəbər verir ki, əfsanəvi dənizçi Hui Te Rançioranın təxminən 1000 il əvvəl Antarktida sularına yelkən açdığı düşünülür.
Antarktidanın ilk avropalı ziyarətçiləri
Qərb tarix kitablarında Antarktidanın kəşfi adətən 1773-cü ildə "Ceyms Kuk"un Antarktika dairəsini keçməsi ilə başlanır. Lakin qitənin ilk rəsmi müşahidəsi 1820-ci ildə rus səyyah "Taddeus fon Bellinshauzen" tərəfindən qeydə alınıb. Bu müşahidədə "son dərəcə hündür buz sahili" təsvir edilir. Sonrakı illərdə bir çox tədqiqat səfərləri təşkil olunub, lakin bəziləri sağ qayıda bilməyib.
Hui Te Rançioranın cənub səfəri
2021-ci ildə Yeni Zelandiya Kral Cəmiyyətinin jurnalında yayımlanan araşdırmaya əsasən, Hui Te Rançiora adlı polineziyalı dənizçi, "Te İvi o Atea" adlı gəmisi ilə VII əsrdə böyük səfərlərə çıxmış ola bilər. Tədqiqat "Prissilla Veyi"nin rəhbərliyi ilə aparılıb və Maori şifahi ənənələrində nəql edilən hekayələri mərkəzə alır.
Bu hekayələrdə Hui Te Rançioranın adalar arasında geniş səfər şəbəkəsi qurduğu, hətta Qərbli kəşfiyyatçıların "göl” adlandıra biləcəyi qədər böyük ərazilərdən keçdiyi bildirilir. Bəzi əfsanələrdə isə onun daha da cənuba, Antarktidanın buzlu sularına qədər irəlilədiyi qeyd olunur.
Buzlu dənizlər və canavarlı sular
Maori hekayələrində təsvir olunan mənzərələr olduqca diqqətçəkicidir:
"Rapanın o tayındakı uzaq sularda ucalan qayalar, dəniz səthində burula-burula hərəkət edən nəhəng dalğalar, suda yaşayan dişli varlıqlar, buz kimi dəniz və günəşin heç parlamadığı dumanlı, qaranlıq bir bölgə..."
Bu kimi təsvirlər günümüzdə buzdağları və soyuq dəniz canlıları ilə əlaqələndirilə bilir. Günəş işığının görünməməsi isə Antarktidanın uzun və qaranlıq qış mövsümünü xatırladır.
Te tai-uka-a-pia: donmuş dəniz ifadəsi
Əfsanələrdə qeyd olunan "Te tai-uka-a-pia” adlı yerin adı tədqiqatçılara görə donmuş okeanı bildirir. Bu ifadədəki "pia”, nişastalı bir kök olan ararot bitkisini təsvir edir; sürtüldükdə qara bənzəyən bir görünüş alır. Bu bənzətmə Maori xalqının buzla örtülü dənizləri təsvir etmək üçün istifadə etdiyi ifadə ola bilər.
Şifahi tarixlərin əhəmiyyəti və şübhələr
"Bluff" şəhərində yerləşən oyma bir dirək (pou whakairo), Hui Te Rançioranın xatirəsini və cənub okeanlarının qoruyuculuğunu simvollaşdırır. Yeni Zelandiyanın Cənub Adasındakı "Nqai Tahu" kimi tayfalar bu cür şifahi irsi yüksək qiymətləndirir. Bununla belə, bu hekayələrin tarixi dəqiqliyi hələ də müzakirə mövzusudur. Bəzi mütəxəssislər bu əfsanələrin Avropalı balina ovçuları və missionerlərin təsiri ilə formalaşdığını iddia edir.
Yeni zelandiyalı antropoloq "Sir Piter Bak" deyir: "Əgər bu hekayələr həqiqətən Avropa dövründən əvvələ aiddirsə, polineziyalıların zəif texniki imkanlarla belə bir səfəri həyata keçirmələri böyük dözümlülük nümunəsidir.” Lakin o, bir çox ənənələrdə qeyd olunan təhlükəli cənub dənizlərinin bu səfərlərin gerçəkliyini sual altına aldığını da bildirir.
Həqiqət, yoxsa əfsanə?
Maori əfsanələrinin və ənənəvi biliklərin elmi baxımdan dəyərləndirilməsi, Antarktidanın ilk ziyarətçiləri haqqında baxış bucağımızı köklü şəkildə dəyişə bilər. Bununla belə, bu cür iddiaların daha güclü sübutlarla dəstəklənməsi vacibdir. Yenə də Hui Te Rançioranın hekayəsi, tarixdən öncəki dənizçiliyə dair ruhlandırıcı və düşündürücü bir nümunə olaraq diqqət çəkir.
Aydın
Şərhlər