Siyasət 14:40 28.06.2022

Aşqabad görüşü: İlham Əliyev və Vladimir Putin hansı məsələni müzakrə edəcəklər? - Politoloq

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda keçiriləcək Xəzər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Qeyd edək ki, iyunun 22-23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olub. Səfər çərçivəsində onun Bakıdan bir sıra istəklərinin olduğu iddia edilirdi. İndi isə Aşqabad Sammiti çərçivəsində Putinlə Əliyev arasında ikitərəfli görüş olacaq.

Görüşü Qaynarinfo-ya şərh edən politoloq Natiq Miri qeyd edir ki, Kreml mövcud vəziyyətdə 10 noyabr bəyannaməsindən irəli gələn müddəaların icrasını irəliyə doğru aparmağa məcburdur:
 
"Rusiyanın başı indi daha çox Ukraynaya qarışıb. Nəticədə Rusiya siyasi-diplomatik yöndə izolyasiya olunmuş vəziyyətdədir. Yaranmış vəziyyətdə Rusiyanın bəzi ehtiyacları var. Putin də ən azından bu istiqamətdə nəticələr əldə etməyə çalışır. Moskvanın Cənubi Qafqazda da siyasi marağı var. Kreml tək Ukraynada deyil, Cənubi Qafqaz, Suriya, Orta Asiyada belə tədricən sıxışdırılır. Ona görə də Putinin Cənubi Qafqazın əsas ölkəsinin prezidentilə görüşüb bir sıra məsələləri müzakirə etməsinə ehtiyac yaranıb. Bu fonda Azərbaycan-Ermənistan münasibətləri, Qərbin regiona nüfuzu məsələləri müzakirə predmeti olacaq. Bu da Azərbaycanın xeyrinə işləyəcək durumdur. Çünki alternativlərin olması Moskvanı bir sıra məsələlərdə güzəştə getməyə məcbur edir. Moskva 10 noyabr bəyannaməsindən irəli gələn müddəaların həyata keçməsini irəliyə aparmağa məhkumdur. Əks təqdirdə, Rusiya tam sıxışdırılacaq və prosesdə digər alternativlərə üstünlük veriləcək. Ona görə də birbaşa prezidentlər səviyyəsində bu məsələnin müzakirə edilib, konkret qərarların qəbulu hər iki dövlətin marağına cavab verir”. 

Politoloqa görə, bu görüşdə Ukrayna məsələsi də müzakirə olunacaq:
 
"Ukrayna məsələsində Rusiyanın postsovet dövlətlərinin müdafiəsinə ehtiyacı var. Hətta KTMT ölkələri belə Ukrayna prosesində Kremli dəstəkləmədi. Belə vəziyyətdə Rusiyanın postsovet ölkələrinin Ukrayna tərəfdən çıxış etməmələrilə bağlı müəyyən dəstəyə ehtiyacı var. Görüşdə bu məqamın müzakirəsi də gözləniləndir”. 

Həmsöhbətimiz qeyd edir ki, Rusiya-Türkiyə-Azərbaycan kontekstində gələcəyə yönəlik bəzi məsələrlə bağlı qərarların verilməsi zamanı artıq yetişib:
 
"Bunun təməli ola bilsin Lavrovun Türkiyə səfəri fonunda razılaşdırılıb. Düşünürəm ki, onun Bakı səfərində də məsələ müzakirə olunub. Bu kontekstdə prezidentlər səviyyəsində strateji qərarlar verilə bilər. Rusiya anlayır ki, indiki halda Türkiyəni regiona buraxıb müəyyən dərəcədə ona güzəştə getmək daha uyğundur, nəinki Qərbin regiona gəlişinə şərait yaratmaq. Türkiyənin varlığı Rusiya üçün çıxış nöqtəsi ola bilər. Fikrimcə, Putinlə Əliyev arasında bu məsələ də müzakirə ediləcək”.

Rüfət Sultan