Hüseynbala Səlimov
Dünya 09:40 22.08.2022

Avqustda Ukrayna müharibəsində niyə dönüş olmadı?..

Siyasi və hərbi təhlilçilərin Ukrayna-Rusiya hərbi teatrı ilə bağlı araşdırmaları bir o qədər də diqqət çəkmir – burada hərbi proqnozlardan daha çox diplomatik və siyasi proseslərə diqqət yetirilir.

Xatırlayırıq ki, Luqansk işğal olunanda Ukrayna hərbi elitası bu vilayətin ruslara verilməsinin sırf hərbi manevr xarakteri daşıdığını bəyan etmişdi. Belə ki, rəsmi Kiyev mühüm hücum əməliyyatları ərəfəsində canlı qüvvə və hərbi texnika ilə risk etmək istəmir. O vaxt hətta hücum əməliyyatlarının tarixi də açıqlanmışdı. Belə deyilmişdi ki, bu, avqust ayında olacaq. Niyə avqust? Bu haqda Kiyev hərbçiləri bir söz deməmişdi. Sadəcə, belə fikirlər səslənmişdi ki, avqustda ölkəyə yeni NATO silahları daxil olacaq. 

İndi avqust başa çatmaq üzrədir. Döyüşlər gedir, həm ruslar, həm də ukraynalılar öz uğurlarından dəm vururlar. Amma həlledici dönüş hələ ki, görünmür. Qarşıdan payız və qış gəlir. Bunun, əlbəttə ki, Ukraynanın və Rusiyanın apardığı döyüşlərə təsiri olacaq. Təsadüfi deyil ki, elə bu yaxınlarda Ukraynanın ABŞ-dakı səfiri "bu müharibədə rusların daha bir müttəfiqi var – bu da qarşıdan gələn qışdır” demişdi. Bəli, iqlim elə bir şeydir ki, onu müharibədə nəzərə almamaq olmur. Məsələn, bu vaxta qədər Rusiyanın apardığı müharibələrdə bu amil həlledici məqamlardan biri olub. Amma indiki müharibə Rusiya ərazisində yox, Ukraynda gedir, ona görə də ciddi sınaqlar Moskvanı yox, məhz Kiyevi gözləyir...

Yeri gəlmişkən, müttəfiqlərdən söz düşmüşkən, bir-iki izqoy rejimdən savayı heç kim Kremlin Ukraynada apardığı "xüsusi əməliyyatları” dəstəkləmir. Zaman keçdikcə Rusiyaya qarşı aparılan diplomatik və siyasi təzyiqlər artır. Amma onların hərb teatrına hələ ki həlledici təsiri yoxdur – Kreml Ukraynaya qarşı öz təcavüzkar siyasətini hələ də davam etdirir. 

Çox təəssüf ki, prosesin gedişiylə bağlı biz də proqnoz verə bilmirik. Düşünürük ki, Zaporojets AES-i bəlkə prosesə öz təsirini göstərə bildi və hərbi əməliyyatlar dayandırıldı. Amma hələ ki bunlar yoxdur – gah bu, gah da o biri tərəf qarşı tərəfi AES-i atəşə tutmaqda ittiham edir. Əsas budur ki, sanki tərəflər, xüsusən də ruslar bunun necə bir təhlükəli oyun olduğunun fərqində deyil. Bəli, vaxtilə Eynşteyn atom enerjisinin kibrit çöpü qədər təhlükəsiz olduğunu demişdi. Amma bu, o demək deyil ki, AES-in mövcud olduğu yerdə müharibə aparmaq olar. Hamı danışır və deyir ki, Çernobıl faciəsi təkrar ola bilər. Amma ruslar bunun fərqində deyillər və öz bildiklərini edirlər.

Qərəz, müharibənin necə bitəcəyi heç kimə aydın deyil. Əsas odur ki, altı ay keçsə də, ruslar Ukraynanın şərqində ilişib qalıblar. Əslində, burada müharibə yeddi-səkkiz ildir ki, davam edir. Ona görə də bu gün üçün yalnız bir proqnoz vermək olar: Ukrayna iqlim sınağından, qarşıdan gələn qışdan keçə bilsə, işlər hər halda, yaxşı olacaq. Bəli, oxucu soruşa bilər ki, müharibənin bu qədər uzanması nəyin əsasında təxmin olunur? Biz lap əvvəldən yazmışdıq ki, bu xəmir çox su aparacaq və Ukrayna ruslar üçün ikinci Əfqanısatn olacaq...
 
Hüseynbala Səlimov