Uzun zamandır müzakirələr getsə də, hələ ki, rəsmi Bakı ilə Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmayıb. Tərəflər arasında saziş üzərində danışıqlara 2017-ci ildə start verilib. Azərbaycan tərəfi "açıq qalan məsələlərə" görə işin müəyyən qədər ləngidiyini bildirir. Artıq rəsmilərin qeyd etdiyinə görə, sənədin 90 faizi razılaşdırılıb.
Yerdə qalan məsələlərin həlli üçün də cari ilin yayında tərəflər arasında növbəti görüşün olacağı gözlənilir.
Maraqlıdır, niyə hələ də bu məsələyə son qoyulmayıb? Sözügedən sazişin imzalanmasına kimlər maneə olur? Proses nə vaxt öz həllini tapacaq?
Qaynarinfo-ya açıqlamasında məsələyə toxunan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, iki məsələ ətrafında AB ilə Bakı arasında hələlik müəyyən fikir ayrılığı var:
"Avropa Birliyilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Haqqında Saziş üzərində bildiyim qədər son tamamlama işləri gedir. Artıq sənədin 90-93 faizi razılaşdırılıb. Bir neçə istiqamət üzrə məsələlər isə hələlik açıq qalır. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması açıq ticarətlə bağlı müqavilənin imzalanmasına müəyyən əngəl və problemlər yaradır. Bakı hələ ki, ÜTT-yə üzv olmamaqda israrlıdır. Bu da bazara nəzarət edən yerli inhisarçı qrupların marağından qaynaqlanır.
Açıq hava məkanı ilə bağlı saziş ətrafında da problemlər qalmaqdadır. Əsas məsələ odur ki, Bakının bu sazişi imzalamasından sonra Azərbaycana xarici şirkətlər daha rahat daxil olacaq. Bu isə belə görünür kimlərinsə, məsələn, AZAL-ın maraqlarına toxunur. Rəsmi rəqəmlərə görə hava sərnişin daşınması üzrə ölkə bazarının 99 faizinə məhz AZAL nəzarət edir. Ona görə də həmin qurum AB ilə hava məkanı sazişinin imzalanmasına müəyyən dərəcədə əngəl yaradır. Prosesin irəliləməsinə maneə olan digər inhisarçı şirkətlər məmur-oliqarxlara bağlı özəl şirkətlər olduğundan adlarının çəkilməsi isə doğru deyil. Bir sözlə, yerli inhisarçıların maneələri prosesin daha sürətli xarakter almasına hələlik imkan vermir”.
Ekspert bildirir ki, yuxarıda qeyd etdiyi iki məsələ ətrafında irəliləyiş olarsa, AB ilə 2022-ci ilin sonuna yaxın müqavilənin imzalanmasının şahidi olacağıq:
"Hər halda, yuxarıda qeyd etdiyim iki məsələ ətrafında irəliləyiş əldə olunarsa, yaxın zamanlarda sözügedən saziş imzalana bilər. Bəzi məlumatlara görə, iyun-iyul aylarında növbəti yüksək səviyyəli görüş olacaq. İstisna deyil ki, həmin zaman həll olunmamış məsələlər də nəhayət razılaşdırılacaq. Nəticədə bu ilin sonuna doğru müqavilənin imzalanmasının şahidi ola bilərik”.
Rüfət Sultan
Şərhlər