Avropa Birliyi ölkələri arasında Ukrayna məsələsi ilə bağlı fikir ayrılıqları artır.
Qaynarinfo bu barədə "Reuters” xəbər agentliyinə istinadla xəbər
verir.
Avropa Birliyinin bir qrup ölkəsi gələn həftə keçiriləcək sammit ərəfəsində Moskva ilə sərt mövqe tutmağa qərarlı olduğu vaxtda, İtaliya və Macarıstan AB-ə Ukraynada atəşkəs və Rusiya ilə sülh danışıqları üçün çağırış edib.
30-31 may sammiti üçün hazırlanan yekun bəyanatda Avropa İttifaqının "Ukraynaya Rusiyanın təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə etməkdə yardım etmək öhdəliyində sarsılmaz” olduğu ifadə edilir. Sülh danışıqlarından bəhs edilmir.
Cümə günü AB nümayəndələrinin görüşündə İtaliya səfiri mətndə sülh danışıqlarının qeyd edilməsini nəzərdə tutan dəyişiklik təklif edib və Aİ-nin ilk məqsədlərindən biri kimi dərhal atəşkəs elan edilməsi lazım olduğunu bildirib.
Bu təklif Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini ən çox tənqid edən dövlətlərdən olan Macarıstan və Kipr tərəfindən də dəstəklənib.
Macarıstan planlaşdırılan neft embarqosuna qarşıdır, Kipr isə Rusiya vətəndaşlarına əmlak satışının qadağan edilməsi təklifindən narahatdır.
Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə axşamı Davos forumunda etdiyi çıxışda Rusiyaya qarşı sərt mövqe nümayiş etdirib və sülh danışıqlarından bəhs etməyib.
"Ukrayna bu müharibədə qalib gəlməlidir və Rusiya Prezidenti Vladimir Putinin təcavüzü strateji uğursuzluqla nəticələnməlidir”,- o deyib.
Baş tutacaq sammitin yekun sənədində deyilir ki, AB "Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək qabiliyyətini gücləndirməyə sadiqdir”.
Qeyd edək ki, AB-nin Rusiyanın neft satışına tətbiq etməsi gözlənilən embarqo da AB ölkələri arasında razılaşmanın əldə olunmamasına görə hələ də baş tutmur.
Nurlan Hüseynov
Şərhlər