Dünya 19:52 09.12.2022

Avropa İttifaqı dekabrın 12-də Rusiya və İrana qarşı yeni sanksiyaları təsdiq edəcək

Aİ Şurası xarici işlər nazirləri səviyyəsində dekabrın 12-də Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketini və İrana qarşı yeni sanksiyaları təsdiqləmək niyyətindədir. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Avropa Xarici İşlər Xidmətindəki mənbə məlumat verib.

"Mən hər iki sanksiya paketinin bazar ertəsi təsdiqlənəcəyini gözləyirəm", - o deyib.

Çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı 200-ə qədər fiziki şəxsin, şirkət və təşkilatın, o cümlədən üç bankın, hərbi-sənaye kompleksinin, enerji kompleksi və dağ-mədən sənayesi müəssisələrinin qara siyahıya salınmasını nəzərdə tutan doqquzuncu sanksiyalar paketinin layihəsini təqdim edib. Aİ həmçinin daha dörd Rusiya telekanalının yayımını qadağan etmək niyyətindədir.

Mənbənin sözlərinə görə, Aİ ölkələri iğtişaşların yatırılması və Rusiya ilə hərbi əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. O vurğulayıb ki, bu fonda Aİ "Tehran tərəfindən nüvə silahı yaratmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirmək" niyyətindədir.
 
Alpər