Dünya 17:47 07.02.2023

Avropa İttifaqı Türkiyəyə 1200-ə qədər xilasedici göndərir

Aİ zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım gödtərilməsi üçün mülki müdafiə mexanizmi vasitəsilə Türkiyəyə 1180-dən çox xilasedicini səfərbər edib.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyası məlumat yayıb.
 
Aİ-nin mülki müdafiə mexanizminin Türkiyə tərəfindən aktivləşdirilməsindən sonra Aİ-nin 19 üzvü - Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və İspaniya, Albaniya və Monteneqro ilə birlikdə Aİ Fövqəladə hallara cavab koordinasiya mərkəzi və Türkiyə səlahiyyətliləri ilə koordinasiyalı şəkildə öz komandalarını təklif ediblər.

Yardım üçün Türkiyənin ən çox zərər çəkmiş bölgələrinə 25 axtarış-xilasetmə qrupu göndərilib. Bu komandalardan 11-i artıq gəlib.

Bundan əlavə, zərərçəkənlərə təcili tibbi yardım göstərilməsi üçün Aİ-nin mülki müdafiə mexanizmi vasitəsilə iki tibbi briqada göndərilib.

Ümumilikdə Avropa ölkələri 1185 xilasedici və 79 axtarış iti təklif edib. Bu rəqəmlər daha da arta bilər.

Aİ Fövqəladə hallara cavab koordinasiya mərkəzi, həmçinin əməliyyatları dəstəkləmək üçün dərhal Türkiyəyə ezam olunmuş 11 üzv ölkədən ekspertlərin daxil olduğu Aİ Mülki müdafiə qrupu yaradıb.

Suriyada Aİ yerdəki humanitar tərəfdaşları ilə əlaqə saxlayır və axtarış-xilasetmə əməliyyatları aparan humanitar təşkilatları, eləcə də zərər çəkmiş ərazilərdə su və kanalizasiya dəstəyi, ədyal və gigiyena vasitələrini maliyyələşdirir. Onlar həmçinin cavab tədbirlərini uyğunlaşdırmaq üçün dünənki zəlzələdən sonra Suriya daxilində dəymiş ziyanın səviyyəsini və ehtiyacları qiymətləndirirlər.

Nizami Bağırov