Siyasət 14:17 03.04.2023

Avropa ölkələrinin kəşfiyyatı Ermənistanda nə edir? (ŞƏRH)

"Avropa İttifaqının missiyası bölgədə süni şəkildə vəziyyəti gərginləşdirməyə və bu yolla da özlərinin mövcudluğunu təsdiqləməyə çalışır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Aİ-nin Ermənistandakı missiyasının hərbi-kəşfiyyat xarakter kəsb edən "YouTube” layihəsindəki süjetinə münasibət bildirərkən deyib. 
 
"Ermənistanda yerləşdirilən Aİ adından fəaliyyət göstərən müşahidəçilər keçmiş jandarm, polis və kəşfiyyat orqanlarının nümayəndələridir.    Onların silah-sursatla gəldiyi də açıq bildirilir. Bu missiyanın fəaliyyəti məlumat  toplamaq, kəşfiyyat işləri aparmaq, qərar tutduqları yerlərin relyefini öyrənməkdən ibarətdir. Görünən budur ki, Fransa da bu missiyanın fəaliyyətində maraqlıdır. Bununla Paris Cənubi Qafqazda öz mövqeyini təsdiqləməyə çalışır. Təbii ki, Azərbaycan həmin müşahidəçiləri ərazimizə buraxmadı”, deyə politoloq bildirib.



Həmsöhbətimiz qeyd edir ki, Aİ sərhəd bölgəsində müşahidəçilərə lüzum görürsə, ilk növbədə Ermənsitanın davranışına fikir verməlidir:
 
"Çünki təxribat törədən, atəş açan da Ermənistandır. Odur ki, bu məsələləri qeydə alıb, lazımi tərəflərə Azərbaycan tərəfdən heç bir təhdid olmadığını bildirməlidirlər. Təhdid və gərginlik ocağı üzərində ciddi-cəhdlə çalışan İrəvandır. Bu missiya heç olmasa İrəvanla iş aparıb onu inandırmalıdır ki, Azərbaycanın istədiyi sülhdür. Amma Makron və ətrafı bu prosesdə də "ağa qara, qaraya isə ağ deyir”. Ona görə də bölgədə süni  şəkildə vəziyyəti gərginləşdirməyə və bu yolla da özlərinin mövcudluğunu təsdiqləməyə çalışırlar”. 

Qeyd edək ki, "Caliber” "YouTube” layihəsinin növbəti süjetində Aİ-nin Ermənistanda olan missiyasının fəaliyyətinə dair yeni məqamlara  toxunulub. Müəllif qeyd edir ki, "Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, sözügedən missiya mülki yox, hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur. 

"Təkcə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin polis məmuru vəzifəsi ilə kamufulyaj edilmiş kəşfiyyatçı fəaliyyətinə nəzər  yetirmək kifayət edir. Onun 2005-ci ildə Kosovoda, 2007-2008-ci illərdə  Gürcüstanda, 2012-2013-cü illərdə Cənubi Sudanda və 2017-2019-cu illərdə Avropa İttifaqı Konsulluğun rəhbəri kimi Bağdaddakı fəaliyyətinə diqqət yetirmək kifayət edir”, deyə süjetdə qeyd olunur. 

Rüfət Sultan