Dünya 10:27 24.12.2022

Avropadan Ukrayna müharibəsinin sonuna fərqli baxışlar - Dempsi səbəbləri yazır

"Avropalıların fərqli tarixi təcrübələrinin niyə bu qədər vacib olduğunu anlamaları üçün Rusiyanın Ukraynaya qarşı müharibəsi katalizator olmalıdır”.

Qaynarinfo Karnegi Avropa mərkəzinin baş elmi işçisi və "Strateji Avropa" bloqunun baş redaktoru Cudi Dempsinin yazısını təqdim edir:

...Ukraynadakı müharibənin necə bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Rusiyanın Avropa İttifaqı qonşusuna qarşı müharibəsinin on birinci ayında  Ukraynanın bir hissəsi artıq xarabalığa çevrilib. Qışın gəlişi ilə enerji infrastrukturu rusiyalıların hədəfinə çevrilib. Bir çox ukraynalı su, istilik, əsas xidmətlər, qida, mənzilsiz və təhlükədə qalıb. Rusiyanın bombaladığı, sonra isə işğal etdiyi Mariupoldan gələn xəbərlər isə insanı şoka salır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Kiyevin NATO-ya üzv olmasının qarşısını almaq üçün aparılmır. Söhbət heç də nasizmlə mübarizədən də getmir (başqa bir bəhanə). Söhbət, politoloq Qvendolin Sassın bu yaxınlarda yazdığı kimi, Ukrayna dövlətinin və Ukrayna millətinin məhvindən gedir.

Fakt deyil ki, bütün Avropa ölkələri bunu başa düşür. İstənilən halda, Putinin bu amansız təcavüzü Aİ daxilində bir sıra mühüm çatlar yaradıb. Onlara necə qalib gəlmək isə Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edə bilər.

Birinci çat Aİ-nin yumşaq gücünün həyat qabiliyyətinə aiddir.
 
Aİ İkinci dünya müharibəsinin xarabalıqları üzərində yaradılıb. Onun ideologiyası, buna daha yaxşı ifadə tapılmadığı üçün, sülh üçün bir layihə olaraq qalır. İqtisadi gücü bir kənara qoysaq, Aİ təhlükəsizliyinə ABŞ-ın zəmanət verdiyi yumşaq güc təşkilatıdır. Və bu, qitədə əsrlər boyu mübarizə aparan və 1945-ci ildən sonra yaxınlaşmağa nail olan iki keçmiş rəqib - Fransa və Almaniyanın Aİ-nin Rusiya ilə münasibətlərini böyük ölçüdə formalaşdırdığı bir qüvvədir. 

1960-cı illərdən başlayaraq Almaniyanın bütün hökumətləri SSRİ-yə qarşı xüsusi siyasət yeridiblər. Soyuq müharibə başa çatdıqdan sonra da bugünkü Rusiyaya münasibətdə bunu davam etdirdilər. Wandel durch Handel (ticarət vasitəsilə dəyişiklik) sadəcə bir şüar deyil. Rusiya və Almaniyanı qaz kəmərləri qovuşdurdu və birləşdirdi.

Bu asılılıq (mərkəzi avropalıların çoxsaylı narahatlıqlarına baxmayaraq) Kremlin Avropanı zəiflətmək və parçalamaq üçün istifadə etdiyi alətə çevrilib. Avropalılar indi Almaniyanın Rusiya qazından qeyri-kritik asılılığına görə çox yüksək qiymət ödəyirlər. Onlar ABŞ, Qətər və digər ölkələrdə mayeləşdirilmiş təbii qazın alınması da daxil olmaqla, enerji təchizatı marşrutlarını şaxələndirmək üçün hər cür səy göstərməli idilər.
Avropadakı bəzi siyasi partiyalar ABŞ-ı enerji idxalının ev təsərrüfatlarını isti və sənayelərin işlək vəziyyətdə saxladığını etiraf etmək əvəzinə, Avropanın (özünün günahı) enerji problemlərindən istifadə etməkdə ittiham etdilər.

Rusiya Ukraynanı məhv etməyə davam edərkən belə, həm kansler Olaf Şolts, həm də onun Sosial Demokrat partiyasının bəzi hissələri və biznes lobbisi müharibədən əvvəlki vəziyyətə can atır. İkinci çat, Aİ-yə üzv dövlətlərin müxtəlif tarixi təcrübələri və yaranan təhlükənin qavranılması ilə bağlıdır. 

Aİ sülh layihəsi kimi illərdir Şərqi və Mərkəzi avropalıların səsini nəzərə almadan inkişaf edib. Sonuncular isə Sovet İttifaqının diktaturası altında yaşamağa məcbur idilər.

Hazırda Qərbi Avropa, o cümlədən Fransa və Almaniya bu və ya digər formada Rusiyanı da nəzərə alan gələcək Avropa təhlükəsizlik arxitekturasını nəzərdən keçirir. Şərqi avropalılar üçün təhlükəsizlik - Rusiyadan müdafiədir. Ona görə də sonuncular Ukraynanın qələbəsini, Rusiyanın isə məğlub olmasını istəyir. Onlar üçün Rusiyanın Ukraynaya təcavüzü Avropanın sabitliyini və təhlükəsizliyini təhdid edir, Rusiya qalib gəlsə, bu təhlükə daha da artacaq. 

Bu, həm də Şərqi avropalıların nə üçün Aİ və NATO-nun Ukraynanı mümkün qədər qorumasını istədiklərini izah edir. Onların sovet kommunist sistemində yaşadıqları tarixi və mədəni təcrübələri onların Ukraynanın müstəqillik və suverenlik uğrunda mübarizəsini necə görmələrində mühüm rol oynayır.

1945-ci ildən sonra Avropa bölünmüş bir qitə idi, burada Qərbi Avropa azadlıq, demokratiya və sabitliyin dinc layihəsi ilə imtiyazlı idi. Şərqi Avropa isə güclə dəstəklənən işğal və sabitlik şəraitində yaşayırdı. 1989-cu ildə Berlin divarı yıxılanda Şərqi və Mərkəzi avropalılar üçün Avropanın yenidən birləşməsi Aİ və NATO-ya qoşulmaq şansı, bu iki Avro-Atlantik təşkilat təhlükəsizliyin və azadlığın zəmanəti idi. Rusiyanın Ukraynanı necə məhv etməyə çalışdığını nəzərə alsaq, Mərkəzi avropalılar Ukrayna və regionun digər ölkələri üçün də eyni perspektivləri istəyirlər. Bir sıra Qərbi Avropa ölkələrindən, xüsusən də Almaniyadan fərqli olaraq, onlar regiona Rusiyanın gözü ilə baxmırlar. 

Bu çatlar Aİ-ni parçalamayacaq. Lakin hər iki tərəf öz fərqli tarixi təcrübələrindən və təhdidlər, təhlükəsizlik və Rusiya ilə bağlı təsəvvürlərindən xəbərsizdirsə, onlar Qərbi və Şərqi Avropa arasında düşmənçilik yaradır və onu daha da artırır.

Avropalılar üçün onların müxtəlif tarixi təcrübələrinin niyə bu qədər vacib olduğunu və qitədə gələcək təhlükəsizlik tədbirlərini necə formalaşdıra biləcəklərini başa düşmək üçün Rusiyanın Ukraynaya qarşı müharibəsi onlar üçün katalizator olmalıdır. 


Tərcümə: Nizami Bağırov
Qaynarinfo