Dünya 19:36 13.09.2023

Avstriya kəşfiyyat direktorundan xəbərdarlıq: Azadlıq Partiyası Kremllə əlaqələri saxlayır

İfrat sağçı Avstriya Azadlıq Partiyasının gələn il keçiriləcək seçkilərdə hakimiyyətə qayıdışı Rusiya hakimiyyəti ilə əlaqələrini kəsmədiyi üçün təhlükə ilə doludur. 

Qaynarinfo xəbər verir ki, bunu 2008-2020-ci illərdə Avstriyanın BVT kəşfiyyat xidmətinə rəhbərlik etmiş Peter Qridlinq Financial Times-a müsahibəsində bildirib

"Kimin hansı nazirliklərə təyin ediləcəyi ilə bağlı çox diqqətli olmalıyıq. Azadlıq Partiyası hökumətdə olarsa, onların niyyətlərinə və fəaliyyətlərinə baxmaq lazımdır”, - keçmiş kəşfiyyatçı bildirib.

FT qeyd edir ki, müharibədən sonrakı tarix boyu kəşfiyyat rəhbəri, hətta keçmiş olsa belə, siyasətçilərin fəaliyyəti ilə bağlı heç vaxt açıq şəkildə xəbərdarlıq etməyib. "Biz demokratik ölkədə yaşayırıq. Azadlıq Partiyası Avstriya siyasi isteblişmentində legitim partiyadır, - Qridlinq izah edib. - Motivasiyam xatırlatmaqdır: unutmayın. Baxın görün onlar nə ediblər. Deyilənləri yadda saxlayın. Özünüzdən soruşun ki, onlar Avstriyadan çox öz partiyalarının maraqlarına əməl etməklə nə qədər irəli gedə bilərlər”.

2017–2019-cu illərdə Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə (kəşfiyyatın da tabe olduğu) Azadlıq Partiyasının nümayəndələri rəhbərlik edib. Bu səbəbdən Avstriya Avropanın digər kəşfiyyat xidmətləri ilə informasiya mübadiləsi sistemindən böyük ölçüdə kəsilib və onun sözlərinə görə, Qridlinq bəzən partiya nümayəndələrindən onların alınma mənbəyini göstərə biləcək müəyyən məlumatları təqdim etməkdən imtina etməli olub.

Azadlıq Partiyasının Kremllə əlaqələri Avstriya kəşfiyyatçılarını çox narahat edib. 2016-cı ildə "Vahid Rusiya” ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında saziş imzalayıb. "Biz Rusiyanın onları necə maliyyələşdirə biləcəyini, iş təklif edə biləcəyini, partiyanın necə dəyirmi masalar keçirdiyini, sırf Rusiya təbliğatını necə yaydığını araşdırdıq”, - Qridlinq bildirib. Onun sözlərinə görə, Ukraynadakı müharibə səbəbindən Azadlıq Partiyasının nümayəndələri daha ehtiyatlı olsalar da, sakitləşməyə dəyməz:

"Onlar dəyişməyib. Onların hələ də Rusiya ilə əlaqələri var. Kəşfiyyat uzun bir oyundur və ruslar çox uzunmüddətli perspektivə baxırlar”, - Qridlinq deyir.
Rusiya və Azadlıq Partiyası ilə bağlı ən səs-küylü hekayələrdən biri 2017-2019-cu illərdə rəsmi olaraq bitərəf olan Karin Knaysla aiddir. O, Azadlıq Partiyasının kvotasına əsasən Sebastyan Kurts hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. 2018-ci ildə Putin Avstriyada səfərdə olan zaman onun toyunda rəqs edib. İki il sonra Knaysl "Rosneft”in direktorlar şurasının üzvü olub. O, Ukraynada müharibə başlayandan sonra, 2022-ci ilin mayında bu vəzifəni tərk edib, lakin 2023-cü ilin avqustunda Ryazan vilayətinin Petruşovo kəndində ev kirayələdiyi məlum olub. 

Azadlıq Partiyasının lideri və vitse-kansleri Haynts-Kristian Ştraxe Rusiya "oliqarxı” (saxta oliqarx - əməliyyatı avstriyalı fəallar təşkil edib) ilə söhbəti lentə alınıb. Həmin söhbət zamanı o, "oliqarx”ı ölkənin ən böyük qəzetini almağa və onu partiyanın ruporuna çevirməyə inandırmağa çalışıb. Videogörüntülər dərc edildikdən sonra partiya hakimiyyətini itirib. Qalmaqal Azadlıq Partiyasının populyarlığını aşağı salıb, lakin son vaxtlar rəy sorğularında yenidən yüksəlməyə başlayıb və hazırda digər siyasi təşkilatları qabaqlayır. O, koronavirus pandemiyası zamanı məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb və Rusiyaya qarşı sanksiyaları tənqid edib. 
Avstriyada seçkilər 2024-cü ilin oktyabrında keçiriləcək. Qridlinq hökumətə daxil olacaq siyasətçiləri koalisiya tərəfdaşlarını diqqətlə seçməyə çağırıb.

Nizami Bağırov